Son günlər Ermənistan hakimiyyətilə kilsə arasında gərginlik pik həddə çatıb. İş o yerə gəlib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə də daxil olublar.
Məlumata görə, katolikos II Qaregin yaranan gərginliyin böyüməsinin qarşısını almaq üçün şəxsən təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb və ruhanilərlə toqquşmaya imkan verməyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan-kilsə qarşıdurması PİK HƏDDƏ – Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...
Etirazlar artır
Lakin xüsusi təyinatlıların kilsəyə daxil olması Ermənistanda kütləvi etiraz aksiyaları ilə nəticələnib. Müxalifətin çağırışı ilə küçələrə axışan sakinlər Kilsəni müdafiə etmək üçün paytaxt İrəvana doğru hərəkət ediblər.
Görünən odur ki, Paşinyanla kilsə arasında qarşıdurma böyüyərək xaosa doğru irəliləməkdədir. Əksər ekspertlərin fikrincə, sözügedən prosesin arxasında Rusiya dayanır. Belə ki, son dövrlərdə Ermənistanda Kremlin dəstəklədiyi kilsə ilə yanaşı, revanşist qüvvələrin aktivləşməsi müşahidə edilir. Bu prosesdə Köçəryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslər daha fəal rol oynayırlar. Kreml tərəfindən dəstəklənən Samvel Karapetyanın Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar ittihamı ilə saxlanılması da xüsusi vurğulanmalıdır.
Görəsən, yaranmış vəziyyətdə Rusiyanın çevriliş planı nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Rusiyanın çevriliş planının necə yekunlaşacağı erməni cəmiyyətinin səviyyəsindən asılı olacaq:
“Rusiya son ümidlərini işə salır. Onlar buna qədər Koçaryan və Sarkisyandan istifadə etsələr də, istədiklərini ala bilmədilər. Onların əhali arasında nüfuzunun olmadığını görən Rusiya indi də din xadimlərini və milyarderləri prosesə qoşmağa çalışır.
Məlumdur ki, kilsə Ermənistanda kifayət qədər nüfuzludur. Pulun da görə biləcəyi işlər hamıya məlumdur. Bu səbəbdən onların ittifaqını yaradıb, Paşinyanı ya seçkilərə qədər devirməyi planlaşdırır, yaxud da seçkilərdə qalib gəlib hakimiyyəti ələ keçirməyi düşünürlər. Paşinyan da bunun qarşısını almaq üçün əks-hücuma keçib”.
Ekspert qeyd edir ki, Paşinyan təhlükəli döyüşə girişib:
“Onun reytinqi getdikcə azalır. Baxmayaraq ki, o, hələ də Ermənistanda ən populyar siyasətçidir. Prosesin necə gedəcəyini isə bundan sonra baş verəcək hadisələr müəyyənləşdirəcək.
Paşinyan anlayır ki, belə qarşıdurmalar zamanı qətiyyətli mövqe tutmalıdır. Rəqiblərin zəif nöqtələrini müəyyənləşdirib, həmin nöqtələrdən vurmalıdır. O, Katolikosun Allah qarşısında götürdüyü öhdəliyə cavab vermədiyini deyir. Məlum olur ki, katolikosun övladı var. Məlum faktdır ki, din xadimləri Allahdan, mənəviyyatdan danışsalar da, bir çox hallarda kifayət qədər ləyaqətsiz və mənəviyyatsız hərəkətlərə yol verirlər. Paşinyan da məhz bu nöqtədən vurmağa çalışır.
Nəticənin necə olacağı erməni cəmiyyətinin səviyyəsindən asılı olacaq. Cəmiyyət hər cür mənəviyyatsızlığı qəbul etməyə hazırdırsa, onda Paşinyanın edə biləcəyi bir şey qalmayacaq. Belə olarsa, Paşinyan mübarizədən qalıb çıxa bilməyəcək. Hər halda Rusiya son cəhdlərini edir. Onun necə nəticələnəcəyini yaxın aylarda görə bilərik”.
Rüfət Sultan, Bizim.Media