Son dönəmlərdə Rusiyada yaşayan soydaşlarımıza qarşı diskriminasiya və zorakılıq halları artmaqdadır. Dünən Yekaterinbuq şəhərində baş verənlər isə şovinizm siyasətinin pik nöqtəsi idi.
Nə baş verib?
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları, o cümlədən onların əmisi oğlu Kamal Səfərov qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ümumilikdə, 50-ə yaxın azərbaycanlının əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərir.
Azərbaycanlılara qarşı hücumlar niyə artıb?
Məlum olduğu kimi, son dövrlərdə Rusiyada miqrantlara qarşı ritorika xeyli sərtləşib. Bunu həm tətbiq olunan qadağalardan, həm də Rusiya rəsmilərinin açıqlamalarından aydın şəkildə görmək mümkündür.
Digər tərəfdən, Rusiya Ukraynada davam edən müharibədə faktiki olaraq bataqlığa ilişib qalıb. Çox sayda itkilər verən rus ordusu hərbi qüvvə çatışmazlığını miqrantlar vasitəsilə kompensasiya etməyə çalışır. Təbii ki, miqrantlar könüllü şəkildə amansız müharibə meydanına getmək istəmirlər. Ona görə də Rusiya müxtəlif şantaj və manipuliyasiya metodları ilə bu prosesi reallaşdırmağa cəhd edirlər.
Bunun üçün bəzən miqrantları yüksək maddi vəsait adı ilə şirnikləndirmək metodundan istifadə edirlər. Bu tora düşən şəxslər müharibə meydanına yollanıb, sağ qalmağı bacarsalar da, verilən vədlər yerinə yetirilmir.
Məsələn, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Nesterov Vladislav Arifoviç 2022-ci ildə Rusiya ordusu ilə bir illik müqavilə imzalayaraq müharibəyə qatılıb. Lakin sözləşməsi başa çatsa da, onun geri qayıtmasına imkan verməyərək, döyüş əməliyyatlarına cəlb ediblər.
Bir çox hallarda isə miqrantlar törətmədikləri cinayətlər, xüsusilə də narkotik ittihamı ilə təhdid edilərək müharibəyə məcburi göndərilirlər.
Bunu Rusiya rəsmiləri də etiraf edir...
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin ötən ilin iyununda verdiyi açıqlama xüsusilə diqqət çəkir. Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində "Müasir Rusiyada miqrasiya siyasətinin hüquqi aspektləri" sessiyasında çıxışı zamanı 30 min miqrantın qeydiyyata alındığını və 10 min nəfərin artıq müharibəyə göndərildiyi açıq şəkildə etiraf edib.
Digər diqqət çəkən məqam isə Rusiyadakı şovinizm dalğasının müsəlmanları daha çox hədəf almasıdır. Son iki ay ərzində Moskvada özbək və qırğız miqrantlar da hüquq-mühafizə orqanlarının zorakılığı ilə üzləşiblər. İş o həddə çatıb ki, Özbəkistan və Qırğızıstan bu məsələni rəsmi olaraq Rusiya tərəfinin diqqətinə çatdırıblar.
Bu isə Rusiyada islamofobiyanın məqsədli şəkildə alovlandırılmasının göstəricisidir.
Təəssüflər olsun ki, Rusiyanın miqrantlara qarşı bu cür siyasətindən azərbaycanlılar da nəsibini alır. Son dövrlərdə Rusiya tərəfindən müharibədə döyüşən azərbaycanlılar ölüm xəbərlərinin artması isə bu prosesin daha mütəmadi hal aldığının göstəricisidir.
Azərbaycana qarşı ardıcıl təxribatlar
Son bir neçə ay ərzində təkcə Rusiyada yaşayan soydaşlarımıza qarşı yox, eyni zamanda Azərbaycana qarşı da Moskvanın ardıcıl təxribatları diqqət çəkir.
Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb. Ona görə də Azərbaycan mülki təyyarəmizin vurulması məsələsini beynəlxalq müstəviyə daşımaqla ədalətli nəticəyə nail olacaq.
Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib.
Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub. Ehtimal olunur ki, bu addıma səbəb Badamovun Azərbaycanı təhqir edən Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevə cavab verməsi olub.
Valuyevdən söz düşmüşkən...
Rusiya ictimai-siyasi sferasında Valuyev kimi Azərbaycanı hədəf alan, yersiz və əsassız ittihamlar səsləndirənlər də son dövrlərdə daha da aktivləşiblər. Rusiyada anti-Azərbaycan çıxışlarının əsas müəlliflərindən olan Solovyovun yenidən gorbagor olmuş “Artsax” məsələsindən söz açması da buna bariz nümunədir.
Diqqətçəkən məqam Valuyevin iqtidar partiyasını təmsil etməsi, Solovyovun isə Kremlə yaxınlığı ilə seçilməsidir. Bu faktın özü belə Azərbaycana qarşı çıxışların kimlərinsə şəxsi təşəbbüsü ilə baş vermədiyini və vahid prosesin tərkib hissəsi olduğunu göstərir.
Məqsəd nədir?
Soydaşlarımıza və ölkəmizə qarşı aparılan bu cür çirkin kampaniyanın fonunda Cənubi Qafqaz regionunda baş verən prosesləri də diqqətdə saxlamaq lazımdır. Belə ki, son dövrlərdə Ermənistanda revanşist qüvvələrin aktivləşməsi müşahidə edilir. Bu prosesdə Köçəryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslər daha fəal rol oynayırlar. Kreml tərəfindən dəstəklənən Samvel Karapetyanın Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar ittihamı ilə saxlanılması da xüsusi vurğulanmalıdır.
Görünən qədərilə, Ukrayna bataqlığından çıxa bilməyən Rusiyada bəzi dairələr yeni gündəm yaratmaq eşqinə düşüblər. Proseslərin gedişi isə onu deməyə əsas verir ki, əsas məqsəd Cənubi Qafqazı yenidən müharinə arenasına çevirməkdir...
Bizim.Media-nın analitik qrupu