Niderlandda keçirilən NATO sammitində Kiyevə verilən dəstək bəyanatları Ukraynanın və onun prezidenti Vladimir Zelenskinin çətin vəziyyətini yaxşılaşdırmayacaq. Bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.
Məqalədə deyilir ki, adi dəstək bəyanatlarına baxmayaraq, çətin vəziyyətdə olan Zelenski və Ukrayna üçün heç bir yardım gözlənilmir.
Qəzet qeyd edir ki, yekun kommünikedə Ukrayna münaqişəsi pislənmir və bu, Şimali Atlantika Alyansı ölkələrinin mövqeyinin dəyişməsindən xəbər verir. Belə bir vəziyyətdə Kiyev NATO-ya daxil olacağını gözləməməlidir.
Bu açıqlamadan göründüyü kimi, Qərbin Kiyevə yardımları kəsilmək üzrədir. Ukrayna isə Qərbin dəstəyi olmadan Moskva qarşısında aydın məsələdir ki, uzun müddət tab gətirə bilməyəcək.
Ukraynanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov hesab edir ki, NATO yürütdüyü mövcud xətti davam etdirərsə, Ukrayna daha ağır hərbi və siyasi nəticələrlə üzləşəcək, belədə isə onun daha bir müddət də davam gətirməsi mümkünsüz olacaq:
“Niderlandda keçirilən NATO sammiti bir daha göstərdi ki, Qərbin Ukraynaya dəstəyi daha çox ritorik səviyyədə qalır. Sammitin yekun kommünikesində münaqişənin açıq şəkildə pislənməməsi ciddi siqnaldır. Bu, Alyansın daxili parçalanmasını və üzv ölkələrin fərqli strateji baxışlarını ortaya qoyur. Zelenskiyə verilən dəstək bəyanatları reallıqdan uzaq və simvolik xarakter daşıyır”.
Ekspert hesab edir ki, NATO doğrudan da Ukraynanın yanında olsaydı, bu, silah yardımlarının artırılması və daha konkret təhlükəsizlik zəmanətləri ilə müşayiət olunardı:
“Lakin əvəzində biz qeyri-müəyyən, diplomatik şəkildə ifadə olunmuş cümlələr görürük. Zelenskinin gözləntiləri ilə Qərbin real siyasəti arasında kəskin fərq var. Ukraynanın NATO-ya üzv olması ilə bağlı çağırışlar isə getdikcə daha az səslənir”.
Həmsöhbətimizin fikrincə, əslində, bu sammit Kiyevin mövqeyini gücləndirmək əvəzinə, onun beynəlxalq dəstək baxımından tənha olduğunu nümayiş etdirdi:
“Sammit iştirakçılarının bir çoxu artıq öz ictimaiyyətlərində Ukraynaya verilən dəstəyə qarşı narazılığın artdığını hiss edirlər. Bu da siyasi qərarların ritorikadan real dəstəyə keçməsini əngəlləyir. Kreml bu siqnalları diqqətlə oxuyur və bundan istifadə etməyə çalışır. NATO-nun qeyri-müəyyənliyi Moskvanın xeyrinə işləyir. NATO bu xətti davam etdirsə, Ukrayna daha ağır hərbi və siyasi nəticələrlə üzləşə bilər”.
T. İsmayılov qeyd edir ki, Zelenski üçün bu sammit yalnız beynəlxalq arenada daha çox narahatlıq və xəyal qırıqlığı gətirdi:
“Ukraynanın NATO üzvlüyünə dair gözləntiləri yaxın perspektivdə real görünmür. Bu, həm də Alyansın artıq bu münaqişəyə birbaşa müdaxilə niyyətindən uzaqlaşdığını göstərir.Yekunda demək olar ki, Niderland sammiti Ukraynanın gələcəyinə dair nikbinlik deyil, daha çox siyasi realizm gətirdi. NATO, görünür, Ukraynanı Rusiyaya qarşı qalxan kimi istifadə etmək istəyir, amma onu Alyansın içinə qəbul etmək istəmir. Bu isə Ukraynanın strateji seçimlərini çətinləşdirəcək”.
Rüfət Sultan, Bizim.Media