“Qeyd etmək vacibdir ki, biz daim dəyişən, dinamik şəkildə inkişaf edən bir vəziyyətdə yaşayırıq və hər gün mühüm hadisələr baş verir. Məsələn, bu yaxınlarda Ermənistan Respublikasının prokurorluğu Baqrat Qalstanyan və həmkarı, Şirak yepiskopu Arxiyepiskop Acapaxyan barəsində cinayət işi başladıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan-kilsə qarşıdurması PİK HƏDDƏ – Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...
Kilsə-iqtidar qarşıdurması, hakimiyyətə qarşı çevriliş cəhdləri və mövcud həbsləri şərh edən Aleksanyan, prosesin davam edəcəyini bildirib.
“Bu onu göstərir ki, Nikol Paşinyan vəziyyəti öz nəzarətinə götürüb və Ermənistan dövlətçiliyi üçün təhlükə yaradan hər şeylə ciddi mübarizəyə başlayıb. Əgər hadisələrin ardıcıllığına diqqət yetirsək, bu silsilədə növbəti səs-küylü hadisə Ktrich Nersisyanın (kilsə adıyla II Qaregin) barəsində cinayət işinin açılması ola bilər”.
Aleksanyan əlavə edib ki, iqtidar Ermənistanda təxribat yaratmaq istəyənlərə qarşı “ov”a çıxıb.
“Mən hesab edirəm ki, Nikol Paşinyan Ermənistan dövlətçiliyini sual altına alan qüvvələrə qarşı amansız mübarizəyə başlayıb. Əminəm ki, o bu mübarizədə qalib gələcək, çünki qarşı tərəfi cəmiyyət arasında heç bir rəğbət doğurmayan cinayətkarlar və vəhşi insanlar təmsil edir”.
Tehran Orucoğlu, Bizim.Media