“Kiyev rejiminin Rusiya ərazisinə çirkli bomba ata biləcəyinə dair təsdiqlənmiş məlumat yoxdur. Lakin bu, Ukraynanın son səhvi olacaq”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın İrana hücumuna Zelenskidən REAKSİYA – VİDEO
Putin bildirib ki, Kiyev Kursk vilayətinə hücum etməklə özünə problem yaratdı, indi təmas xətti daha da uzanıb:
“Ukrayna Kursk vilayətində 76 min nəfər itirib. Bizim Sumı vilayətini almaq kimi bir planımız yoxdur, amma bunu da istisna etmirəm. Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10–12 kilometr təşkil edir. Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik zonaları yaratmağa məcburdur, bu isə onsuz da tam komplektləşdirilməmiş Ukrayna qüvvələrini əlavə yükləyir. Bir sözlə, rus əsgərinin ayaq basdığı yer artıq bizimdir".
Beləliklə, Putinin bu açıqlaması onu göstərir ki, Rusiya geri addım atmaq niyyətində deyil. Əksinə, öz məqsədinə çatmaq üçün müharibəni davam etdirməkdə israrlıdır. Bu isə yaxın dövrdə Ukrayna üçün daha böyük itkilərin baş verəcəyinin anonsu sayıla bilər.
Görəsən, belə vəziyyətdə Ukraynanı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ukrayna üçün mövcud vəziyyətdə xilas üçün heç bir çıxış yolu yoxdur:
“Ukraynanın vəziyyəti həqiqətən də ciddi şəkildə çətinləşir. İranla İsrail arasında başlanan münaqişə fonunda Qərb üçün artıq Ukrayna məsələsi arxa plana keçib. Bu da o deməkdir ki, onların vəd etdiyi köməklər, hərbi yardımlar yolda qalaraq ünvana gəlib çatmayacaq. Rusiya təşəbbüsü tamamilə ələ alıb. Rusiya Ukraynanın xarici kəşfiyyatın köməyilə həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının əvəzini çıxacağını vəd edib”.
Həmsöhbətimiz deyir ki, məhz bunun nəticəsi olaraq artıq Rusiya tərəfindən döyüşlərdə intensivlik müşahidə olunur:
“Nəticədə Ukrayna tərəfi daha pis vəziyyətə düşüb. Sumı vilayətinin böyük strateji əhəmiyyəti var. Bu vilayət Kiyevdən Rusiyaya gedən yolu ayırır. Rusiya həmin vilayəti ələ keçirməklə oradan Kiyev vilayətinə də daxil ola bilər ki, nəticədə oradan paytaxta çatmaq da çətin olmayacaq”.
Ekspertin fikrincə, belədə Zelenskinin siyasi həyatına da son qoyulacaq:
“Ukrayna son strateji ehtiyatlarını prosesə qatmalı olacaq ki, Rusiyanın hücumlarını müəyyən qədər saxlaya bilsin. Moskva tutduğu əraziləri Ukraynaya qaytarmayacaq. Ona görə də tutduqları ərazilərdə quruculuq işləri də aparırlar. Zelenski isə xalqını aldadaraq bildirir ki, guya ancaq Rusiya tutduğu ərazilərdən çıxacağı təqdirdə danışıqlara gedəcək. Bu xülyadır. Ukrayna üçün çıxış yolu yoxdur. Belədə, Zelenskinin siyasi həyatı da təhlükə altında olacaq”.
Rüfət Sultan, Bizim.Media