“Bu gün Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O, Naxçıvanın muxtariyyətinin ləğvini təklif edən deputat Qüdrət Həsənquliyevə cavab verərək bildirib ki, əvvəllər bu təklif xaosun yaranmasına səbəb olub:
“Bu məsələni dəfələrlə qaldırmısınız. 1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Xaos yarandı. Allah üzümüzə baxdı ki, Heydər Əliyev gəldi Naxçıvanın Ali Məclisinin sədri oldu. Olmasaydı, nə olacaqdı?! Naxçıvanın Muxtar Rerspublikasının muxtar statusu məhz Heydər Əliyevin ustalığı sayəsində Naxçıvanın ərazisinin itirilməsinin qarşısını aldı. Bir dənə Sədərək rayonu Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir. Biz muxtariyyəti ləğv edək, bu əraziləri kimlərin ağuşuna ataq?
Başa düşürəm ki, deputat dediyi sözün məsuliyyətini daşımır, amma gəlin, bir az məsuliyyətli olaq. Bir də çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtar dövlət ola bilməz. Qətiyyən yanlışdır. Unitarlıq muxtariyyətin mövcud olması ilə bağlı deyil”.
Qeyd edək ki, Qüdrət Həsənquliyev çıxışında Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini gündəmə gətirmişdi.
Günay Şahmar, Bizim.Media