İsraillə İran arasında münaqişə günü-gündən daha şiddətli xarakter almağa başlayıb. Tərəflər bir-birinin ərazilərini və strateji obyektlərini raket atəşinə tutmaqda davam edir. İsrailin zərbələri əsasən İranın nüvə obyektləri və uranın zənginləşdirilməsi üzrə müəssisələrə vurur. Bu mənada İsrail İranın həmin obyektlərini müəyyən dərəcədə sıradan çıxara bilib. İranın cavab zərbələri də İsraildə ciddi dağıntılara səbəb olub.
Prosesin uzanması münaqişəyə Amerikanın qoşulması ehtimalını da artırır. Lakin buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərar verməyə tələsmir. Belə ki, ABŞ lideri iki həftəyə qərar verəcəyini bildirib:
“İranla yaxın gələcəkdə baş verə biləcək və ya heç baş tutmayacaq danışıqların ehtimalını nəzərə alaraq, yaxın iki həftə ərzində müdaxilə edib-etməmək barədə qərar verəcəyəm”.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi isə hesab edir ki, İsrail hücumlara başlayanda İran nüvə silahı yaratmırdı. Qrossi bu barədə “La Nacion” qəzetinə müsahibəsində bildirib.
Qrossi həmçinin İranın nüvə silahı yaratması üçün nə qədər vaxt lazım olduğuna dair fərziyyələrə qarşı xəbərdarlıq edib:
"Biz xronoloji məsələlərdə çox diqqətli olmalıyıq. İraqa silahlarından istifadə etmək üçün 45 dəqiqə lazım olduğu barədə faciəli bəyanatı hamımız xatırlayırıq”.
Böyük Britaniya isə öz ordusunu yüksək döyüş vəziyyətinə gətirməklə yanaşı, ABŞ-a İrana müdaxilə etməməyi tövsiyə edib. Hər halda görünən odur ki, İsrail beynəlxalq arenada təklənməyə doğru gedə bilər.
Görəsən, beynəlxalq arenada təklənən İsrail geri addım atacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Təl-Əvivin indiki situasiyada geri addım atacağını düşünmür:
“ABŞ araşdırmalarını davam etdirəcək. Bu məsələ ilə bağlı MAQATE-nin yanlış məlumatlar verdiyinin dəfələrlə şahidi olmuşuq. İranla bağlı araşdırmalar davam edəcək. Məsələ ondadır ki, nüvə silahı ilə yanaşı, uzaq məsafəli raketlər də ciddi təhlükə yaradır.
İsrail İrana qarşı əməliyyatı davam etdirəcək. Bu məsələdə Netanyahu hökuməti qətiyyətli görünür. Görünür o həmçinin, ABŞ-ın birbaşa dəstəyinə də arxayındır. Amerikanın prosesə qoşulub-qoşulmayacağı isə qısa müddətdə müəyyənləşəcək”.
Rüfət Sultan, Bizim.Media