Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, Fərmana əsasən 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” təsdiq edilib.
Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Prezidentin digər Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib.
Fərmana əsasən, Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Əməkdaşlıq Planı 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Bizim.Media