“Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək”, Rusiya Prezidenti qeyd edib.
Vladimir Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Rusiya Prezidenti bildirib ki, keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb və bu, yaxşı göstəricidir.
“Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət - logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq.
Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”, - Rusiya dövlətinin başçısı vurğulayıb.
Bizim.Media