Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, o, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə, yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib.
Fərhad Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib.
Faktlarla bağlı araşdırma aparılır.
Fərhad Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.
Bizim.Media