İrandan ölkəmiz vasitəsi ilə təxliyyə prossesi davam edir. Qırğızıstan Respublikasının İrandakı səfirliyinin nümayəndələri də təxliyə olunan xarici vətəndaşlar arasında yer alıb.
Bizim.Media xəbər verir ki, səfirliyin əməkdaşı Nazim Beişekeevin verdiyi məlumata görə, səfirliyin ümumilikdə 28 nəfərlik heyətindən bir qismi, o cümlədən bir neçə nəfər ailə üzvləri ilə birlikdə artıq Astara sərhəd-gömrük məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.
Təxliyyə prosesi Azərbaycan Respublikası tərəfindən göstərilən dəstək nəticəsində uğurla həyata keçirilib. Qırğızıstan nümayəndələri təhlükəsiz şəkildə qarşılandıqdan sonra, onlara yaradılmış şəraitə görə Azərbaycan Dövlətinə öz təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, İranda yaranmış böhran səbəbindən bir sıra ölkələrin vətəndaşlarının quru yolla təxliyyəsi məhz Azərbaycan ərazisindən həyata keçirilir. Astara gömrük-keçid məntəqəsində qonaqlar üçün çay süfrəsi hazırlanıb, tibbi ehtiyaclar üçün təcili yardım və həkim briqadaları əraziyə cəlb edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu