“Bizim ərazilər heç vaxt indiki qədər təhlükəsiz olmayıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qazaxla sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətinin sərhədyanı ərazisində yerləşən Noemberyan icmasının rəhbəri Arsen Ağababyan deyib.
Onun sözlərinə görə, Azərbaycanla aparılan delimitasiya işləri bölgədə gərginliyi azaldıb və insanların özlərini daha rahat və təhlükəsiz hiss etməsinə səbəb olub.
Ağababyan bildirib ki, delimitasiya nəticəsində əvvəlki illərdə təmas xətti boyunca tez-tez atəş səsləri eşidilən ərazilər indi tamamilə sakitdir:
“Müharibədən sonrakı illərdə bu qədər sabit və təhlükəsiz mühit olmamışdı. İnsanlar daha arxayındır, sahələrinə rahat çıxır, gündəlik həyatlarına davam edirlər. Bu isə yalnız delimitasiya nəticəsində mümkün oldu”.
Qeyd edək ki, ötən ilin yazında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin bir hissəsinin delimitasiyası üzrə razılaşma əldə olundu və nəticədə Azərbaycanın 4 kəndi — Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Ermənistan tərəfindən Azərbaycana qaytarıldı. Bu kəndlər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmişdi və delimitasiya nəticəsində 30 ildən sonra Azərbaycan nəzarətinə qaytarıldı.
Buna baxmayaraq, Azərbaycanın hələ də Ermənistanın nəzarətində olan dörd kəndi qalır: Yuxarı Əskipara, Sofulu, Barxudarlı (bunlar Qazax rayonuna aiddir) və Kərki (bu isə Naxçıvanın Sədərək rayonuna daxildir).
Bu kəndlər Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilib və həmin vaxtdan bəri Ermənistanın nəzarətində saxlanılır. Azərbaycan rəsmi şəkildə bu kəndlərin də geri qaytarılmasını tələb edir və bunun növbəti mərhələdə həyata keçiriləcəyi gözlənilir.
Delimitasiya prosesi davam etdikcə bu kəndlərin statusunun da razılaşdırılması Azərbaycan-Ermənistan münasibətlərində əhəmiyyətli dönüş nöqtəsi ola bilər.
Bizim.Media