Fransanın Ermənistandakı səfiri, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Olivye Dekotini Göyçə mahalının Çaxırlı kəndində “maraqlı görüntülərlə” yadda qalıb. O, kənd sakini Qalstyanla birlikdə inək sağaraq fransız dəstəyini “nümayiş” etdirib.
Bizim.Media xəbər verir ki, Dekotini bu hadisə barədə X sosial şəbəkəsində yazıb:
“Xanım Qalstyanla və onun Fransa Miqrasiya və İnteqrasiya İdarəsinin dəstəyi ilə alınmış “Sona” adlı inəyi ilə tanış oldum və inək sağma texnikasıyla yaxından maraqlandım.”
Yeri gəlmişkən, bu görüntülər bir çox baxımdan simvolik xarakter daşısa da Ermənistanı daim siyasi və iqtisadi baxımdan “sağan” Fransa bu dəfə, sözün əsl mənasında inək sağaraq öz rolunu etiraf etmiş oldu.
Qeyd edək ki, Fransanın Azərbaycana qarşı düşmən mövqeyi isə artıq təkcə siyasi bəyanatlarla deyil, belə səhnələrlə də təcəssüm etdirilir. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələn addımları dəstəkləyən, ermənilərə hər fürsətdə həm diplomatik, həm maliyyə, həm də informasiya dəstəyi verən Paris rəhbərliyi, sanki indi bunu “məişət səviyyəsində” də nümayiş etdirməyə başlayıb.
Bir sözlə, Fransa səfiri Ermənistanda inək sağmaqla, Azərbaycanda isə nifrət toxumu səpməklə məşğuldur.
Bizim.Media