İyulun 9-da İrəvanda Rusiya telekanallarının yayımının dayandırılması və “Sputnik Armenia”nın fəaliyyətinin qadağan olunması tələbi ilə aksiya keçirilib.
Bizim.Media xəbər verir ki, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin qarşısında toplaşan nümayişçilər bildiriblər ki, Rusiya mediası düşmən təbliğatı aparır və ölkənin təhlükəsizliyi üçün təhdid yaradır.
“Respublika naminə” partiyasının lideri Arman Babacanyan baş verənləri “hibrid müharibə”nin bir hissəsi adlandıraraq, dövlət multipleksində xarici kanalların retranslyasiyasından imtina etməyə çağırıb. Onu partiya sədrinin müavini Ruben Meğrabyan da dəstəkləyib və “Sputnik Armenia”nın fəaliyyətinin tamamilə qadağan olunmasını tələb edib.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bəyan edib ki, Rusiya mediası informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir.
Aksiya iştirakçıları “Düşmən kanallarına yox” yazılmış plakatlar tutublar və “Rusiya, sus!” şüarları səsləndiriblər.
Bizim.Media