Ermənistanda Rusiyaya bağlı qüvvələrin dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra Moskva indi də Gümrüdəki bazasında hərbçilərin sayını artırmağa başlayıb.
Rusiya hərbi mənbələrinin məlumatına görə, bu qüvvələri Rostov, Volqoqrad və işğal olunmuş Krımdakı bölmələrdən seçilərək gətirilir.
Qeyd edək ki, Gümrüdəki 102-ci hərbi bazanın təxminən 5 minə yaxın personalın olduğu bildirilir. Obyektdə S-300 zenit-raket kompleksləri və MiQ-29 döyüş təyyarələri yerləşdirilib.
Xatırladaq ki, son həftələrdə Ermənistanda daxili gərginlik pik həddə çatıb. Çevriliş cəhdilə əlaqədar Rusiya vətəndaşı olan erməni milyarder Karapetyan, ardınca, aralarında keşişlərin də olduğu çox sayda şəxs həbs edilib. Kilsə ilə Paşinyan hakimiyyəti arasında da gərginlik vəziyyət yaşanır. Rusiya isə Paşinyana qarşı olan bu qüvvələri açıq şəkildə müdafiə edir. Belə bir vaxtda Rusiyanın Gümrüdəki bazasına əlavə hərbi qüvvələr göndərməsi diqqət çəkir.
Olmaya Ermənistanda hərbi çevriliş hazırlanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya əlavə qüvvə toplaması Cənubi Qafqazda yeni geosiyasi mərhələyə hazırlaşdığının göstəricisi sayıla bilər:
“Bu addım Ermənistanda uğursuz çevriliş cəhdindən sonra Moskvanın strateji mövqeyini bərpa etmə niyyətini göstərir. Ermənistan daxilində kilsə və bəzi oliqarx dairələrinin Paşinyan hakimiyyətinə qarşı aktivləşməsi Rusiyanın bu proseslərə açıq dəstəyini ortaya qoyur”.
Həmsöhbətimiz deyir ki, Gümrüdəki hərbi aktivlik sadəcə müdafiə tədbiri deyil, həm də siyasi mesajdır:
“Moskva İrəvanın qərbyönlü kursuna qarşıdır. Rusiya Ermənistanı “müstəqil aktor” kimi deyil, öz təsir dairəsindəki subyekt kimi görür və bu səbəbdən xəbərdarlıq etmədən hərbi qüvvə yerləşdirir. Bu, Ermənistanın suverenliyinə qarşı açıq sayğısızlıqdır və regionda gərginliyi artırır.
Paşinyan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşması KTMT-nin rolunu zəiflədir ki, bu da Moskvanı narahat edir. Rusiya bu narahatlığı yalnız diplomatik deyil, hərbi vasitələrlə də ifadə etməyə başlayıb”.
Ekspert qeyd edir ki, Gümrüdəki hərbi bazanın gücləndirilməsi Ermənistanda potensial çevriliş ssenarisinin texniki hazırlığı kimi də yozula bilər.
O bildirir ki, bu həm də Qərbə mesajdır:
“Rusiya regionda hələ də güclü aktordur və proseslərə müdaxilə imkanına sahibdir. Ermənistan daxilindəki siyasi parçalanma Moskvanın manipulyasiya imkanlarını artırır. Əgər çevriliş baş verərsə, bu, yalnız daxili proseslərin nəticəsi deyil, xarici güc balansının dəyişməsi olacaq. Moskva Ermənistanı “strateji sədaqət”ə məcbur etmək üçün hərbi təzyiqi artırır.
Azərbaycan da bu vəziyyəti diqqətlə izləməlidir. Ona görə ki, bu proses regionda sabitliyə birbaşa təsir edə bilər. Rusiya Qafqazda nüfuzunu qorumaq üçün artıq yumşaq güc deyil, sərt güc alətlərinə üstünlük verir. Nəticə etibarilə, Gümrüdəki hərbi aktivlik sadəcə taktiki deyil, strateji və ideoloji bir mesajdır”.
Rüfət Sultan, Bizim.Media