Bu gün səhər saatlarından hüquq-mühafizə orqanlarının əməkdaşları həbsdə olan iş adamı Samvel Karapetyanın qardaşıoğlu – “Ermənistan Elektrik Şəbəkələri” ASC-nin Direktorlar Şurasının sədri Narek Karapetyanın evində axtarış aparırlar.
Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, Narek Karapetyanın həbs olunması istisna edilmir.
Eyni zamanda, hüquq-mühafizə orqanları “Ermənistan Elektrik Şəbəkələri”nin baş ofisində də axtarış aparıblar. Bu barədə TASS agentliyinə şirkətin mətbuat katibi Natailya Sardjanyan məlumat verib:
“Səhər tezdən burada hansısa tədbirlər keçirilir. Bu adamların hansı orqandan olduqlarını bilmirik, bizi ofisə buraxmırlar. Bütün əməkdaşlar binanın qarşısında toplaşıb”, – deyə o bildirib.
Xatırladaq ki, bu, şirkətdə ilk belə hal deyil. 2 iyun tarixində də “Ermənistan Elektrik Şəbəkələri”nin ofisində axtarış aparılmış və çirkli pulların yuyulması, xüsusilə böyük miqdarda vergidən yayınma maddələri ilə cinayət işi açılmışdı. Araşdırma çərçivəsində dörd əməkdaş həbs edilmişdi.
Qeyd edək ki, Samvel Karapetyan 18 iyun tarixində iki aylıq həbs edilib. O, hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışda ittiham olunur. Bu, onun bir gün əvvəl Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxaraq, hakimiyyətin kilsə rəhbərlərinə qarşı təhqiredici ifadələrinə cavab olaraq çıxış etməsindən sonra baş verib.
Karapetyan ittihamları rədd edib və Ermənistan hakimiyyətini qabiliyyətsiz adlandırıb. Bundan dərhal sonra hökumət onun sahibi olduğu “Ermənistan Elektrik Şəbəkələri” şirkətini milliləşdirəcəyini və açıq hərraca çıxaracağını bəyan edib. Parlament artıq lazımi qanunları qəbul edib.
Bizim.Media