Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qanunverici orqana ölkənin baş prokuroru Anna Vardapetyan təqdimatla müraciət edib.
Parlamentdə keçirilmiş gizli səsvermənin nəticələrinə əsasən, 107 deputatdan 59-u Ohanyanın toxunulmazlığının ləğvini dəstəkləyib. Layihənin əleyhinə səs verən olmayıb.
Seyran Ohanyan müzakirədə iştirak etməyib, onun hazırda reabilitasiya mərkəzində müalicə aldığı bildirilir.
Qeyd edək ki, Ohanyan barəsindəki cinayət işini “şou” adlandırıb.
Eyni zamanda, parlament “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanı da deputat toxunulmazlığından məhrum edib. Bu qərar da 59 “lehinə” səslə qəbul olunub, əleyhinə səs verən olmayıb.
Minasyan parlamentdə özünü müdafiə edib və ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib. Prokurorluq onu sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb etmək istəyir.
Xatırladaq ki, Seyran Ohanyan 2010–2015-ci illərdə müdafiə naziri olarkən Göyçə vilayətində yerləşən 10,5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur. Həmin ərazidə inşa edilən və qeyri-rəsmi olaraq ona məxsus olduğu iddia edilən mülk rəsmi sənədlərdə Ohanyanın adına qeydiyyatdan keçməyib.
Onu da vurğulayaq ki, Ohanyan I və II Qarabağ müharibələrində iştirak edib. Onun xalqımıza qarşı bir sıra insanlıq cinayətlərində birbaşa əli var.
Bizim.Media