Ermənistan hüquq-mühafizə orqanları həbs edilən rusiyalı iş adamı Samvel Karapetyanın “Tashir Group” şirkətinin baş ofisində axtarışlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə xatırladır ki, Karapetyan erməni məsələləri üzrə Kremlin yeni nümayəndəsi, Rusiya Prezident Administrasiyasının birinci müavini Sergey Kiriyenkonun tapşırığı ilə Ermənistana gəlib və Nikol Paşinyanın devrilməsi üzrə səylərin koordinasiyasını həyata keçirir.
Bunun fonunda Paşinyan “Tashir Group” strukturuna daxil olan “Ermənistan Elektrik Şəbəkələri” qurumunun əməkdaşlarına sərt xəbərdarlıq edib. O bildirib ki, işi atıb siyasi intrigalarla məşğul olanlar iyul ayında işdən çıxarılacaq, həmçinin həmkarlarını aksiyalarda iştirak etməyə məcbur edən şəxslər məsuliyyətə cəlb ediləcək.
Xatırladaq ki, İrəvan Birinci İnstansiya Məhkəməsi ötən ayın 19-da Samvel Karapetyanın iki aylıq həbsi barədə qərar çıxarıb.
Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsinə cəhddə ittiham olunub.
Yeri gəlmişkən, Ermənistan parlamenti "Ermənistan Elektrik Şəbəkələri"nin (Ermənistanın paylayıcı elektrik şəbəkələri - red.) dövlət nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini bu gün birinci oxunuşda qəbul edib.
Qanun layihəsinə əsasən, Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası şirkətin fəaliyyətində ciddi pozuntular aşkarladığı və araşdırma apardığı halda, rəhbərliyi dəyişdirmək səlahiyyətinə malik olacaq.
Bizim.Media