Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya televiziya kanallarının yayımının dayandırıla biləcəyini bəyan edib.
Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə açıqlamasında deyib:
“Hesab edirəm ki, biz artıq çox ciddi şəkildə Rusiyanın televiziya kanallarının Ermənistanda yayımının dayandırılması məsələsini müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurur”.
O, bu fikri Rusiya televiziyalarında Ermənistanla bağlı yayımlanan mövqelərə münasibət bildirərkən səsləndirib.
Simonyanın sözlərinə görə, əgər dövlət kanalları Ermənistanın daxili işlərinə müdaxilə etməyə cəhd edirsə, Ermənistan da buna cavab verməlidir:
“Əgər dövlət televiziyaları özlərinə Ermənistanın daxili işlərinə qarışmaq hüququ tanıyırsa, biz də buna cavab verməliyik və ən azı bu kanalların bizim evlərimizə girişini bağlamalıyıq”.
Bu açıqlama Ermənistanda rusiyapərəst informasiya məkanının məhdudlaşdırılması ilə bağlı cəmiyyətdə və hökumət dairələrində gedən müzakirələrin davamı kimi qiymətləndirilir.
Bizim.Media