Ermənistanda kilsə ilə hökumət üz-üzə dayanıb. Görünən odur ki, bu savaş hansısa tərəfin sonunu gətirəcək.
Nəzərə alaq ki, Paşinyan hakimiyyəti Ermənistanda rəsmi hökumət qurumu kimi tanınsa da, erməni apostal kilsəsi dövlət içində bir dövlətdir. Kilsənin böyük iqtisadi gücü, xaricdə kifayət qədər güclü dayaqları var. Ona görə də Ermənistanın siyasi hakimiyyəti hər zaman kilsə ilə münasibətdə çox ehtiyatlı davranıb. Lakin Paşinyan siyasi hakimiyyətə gəlişiylə hökumətlə kilsə arasında dərin bir uçurum yarandı. Paşinyan açıq şəkildə bəyan etdi ki, kilsə erməni cəmiyyətinin bətnindəki qarayaradır.
Tərəflər nə istəyir?
Təbii ki, bu fikirlər II Qaregin başda olmaqla bütün kilsə əhlinin qəzəbinə səbəb oldu. Kilsə Paşinyana qarşı yeni bir cəbhə açdı. Bu cəbhədə həmlələr zaman-zaman güclənsə də indiki qədər pik həddə çatmayıb.
Bu da onunla bağlıdır ki, Paşinyan korrupsioner, siyasi oyunbazlıq mərkəzindən birdəfəlik qurtulmaq istəyir. II Qaregin və onun komandası da bu prosesə bacardıqları qədər əngəl olmağa çalışırlar.
Nəzərə alaq ki, Ali Patriarx və Katolikos onilliklər boyu müxtəlif vətəndaşlıq, müxtəlif siyasi baxışlı, müxtəlif sosial statuslu insanları bir arada saxlayan danılmaz nüfuz sahibi olub. Lakin 2018-ci ildə hər şey dəyişdi. Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi kilsənin rəhbəri II Qareginin istefasını tələb etdi, patriarxın avtomobili dəfələrlə etirazçılar tərəfindən mühasirəyə alınıb və hətta katolikosun iqamətgahı, Eçmiədzin monastırında dava düşdü. İnsanların qəzəbinin səbəblərindən biri də kilsə rəhbərliyinin dəbdəbəli həyatı idi.
II Qareginin qohumbazlıq piramidası
Erməni Apostol Kilsəsinin keşişlərinin çoxu yaxın qohumdur. Məsələn, 49 yepiskopdan 6-sı katolikosun həmkəndindlisidir. II Qareginin qardaşı Ezras - Rusiya Yeparxiyasının rəhbəridir.
Katolikosun başqa bir qardaşı Mkrtiç də erməni apostol kilsəsində yüksək vəzifə tutur.
2011-ci ildə katolikos II Qaregin ad gününü İrəvanın ən bahalı restoranlarından biri olan Florensiyada qeyd etdiyinə görə tənqid olunmuşdu. Ziyafətdə Ermənistanın həm mənəvi, həm də dünyəvi elitası, yüksək rütbəli məmurlar və iri biznesmenlər iştirak edirdilər. Bundan başqa, restoran İrəvanın keçmiş meri, iş adamı Karen Karapetyana məxsus idi.
Nəzərə alaq ki, erməni apostal kilsəsi gizlətmir ki, pul sevgisi elə də günah deyil. II Qaregin Müqəddəs Eçmiədzinin İlahiyyat Seminariyasının tədris proqramına “Biznesin əsasları” kursunu daxil etdi və dəfələrlə qeyd etdi: “Biz pul qazanmağı bacarmalıyıq”.
Lüks yaşam tərzi
II Qareginin maliyyə vəziyyəti də olduqca yüksək səviyyədədir. Belə ki, beynəlxalq araşdırmaların nəticəsində, onun hesabından 111 milyon dollar tapılıb.
Bütün ermənilərin katolikosu B6/B7 səviyyəsinə qədər zirehli W221 Mercedes-Benz S600L Guard ilə səyahət edir. Bu maşınlar mina partlayışlarına və avtomat mərmilərinə qarşı dayanıqlıdır.
II Qareginin avtomobillərə olan düşkünlüyünü hər kəs bilir. O, artıq uzun illərdir ki, şəhər səfərləri üçün ən yeni Mercedes-Benz S-Class-dan, Ermənistanın dağlıq ərazilərinə səfərlər üçün isə Lexus GX460-dan istifadə edir. Qaregin görüşələrə əsasən "Mercedes-Benz"də Toyota Land-Cruiser 200-ün və yaxud Bentley avtomobilində Range Rover Sport avtomobilinin müşayiəti ilə gedir.
Təkcə katolikoslar deyil, ali ruhanilərin digər nümayəndələri də gözəl yaşayırlar. Belə ki, 2011-ci ildə Ararat Yeparxiyasının arxiyepiskopu, II Qareginin yaxın dostu Navasard Kçoyan xaç oğlundan hədiyyə olaraq təxminən 200 min dollar dəyərində “Bentley Continental Flying Spur” alması ilə gündəmə gəlib.
Bu, Navasardla bağlı qalmaqala çevrilən ilk hadisə deyildi. 2007-ci ildə o, baş nazir Serj Sarkisyandan mükafat olaraq silah qəbul etmişdi. Halbuki arxiyepiskopun statusu ilə odlu silahın bir arada olması heç bir məntiqə sığmır.
Erməni apostal kilsəsinin qaydalarına görə keşişlər evlənə, uşaq sahibi ola bilməz. Amma II Qaregin üçün qadağa zonası yoxdur. O istədiyi cür həyat yaşayır. Hətta uşaq sahibidir. Bu barədə Paşinyan bu günlərdə açıqlama verib.
Paşinyan nə istəyir?
Ermənistanın baş naziri hesab edir ki, Ermənistanda və diasporda erməni apostol kilsəsinin funksiyaları fərqli olmalıdır. Ən başlıcası erməni apostol kilsəsi onun müstəqil dini birlik, yoxsa dövlət funksiyasını yerinə yetirən struktur olması ilə bağlı qərar verməlidir.
Ən başlıcası kilsənin fəaliyyəti şəffaf olmalıdır. Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan bəyan edib ki, kilsənin vergiyə cəlb edilməsi ideyası hələ 2018-ci ildə, o, faktiki şöbəyə rəhbərlik edərkən müzakirə olunub. Daha sonra Baş nazirdən müvafiq göstəriş gəlib. Məqsəd kilsənin xərclərini dövlət büdcəsindən ödəməklə yanaşı, kilsəni vergi sahəsinə tam cəlb etməyin mümkün olub-olmadığını öyrənmək idi.
Ananyanın sözlərinə görə, dünyanın heç bir konstitusiyasında dini qurum Ermənistan konstitusiyasında kilsənin olduğu kimi müstəsna statusa malik deyil.
Kim qalib gələcək?
İndiki halda tərəflər bərabər gücə malikdir. Qafqaz Barometri təşkilatının sorğularına əsasən (iyul-oktyabr 2024-cü il) 79,4% kilsəyə etibar edib.
Beynəlxalq Respublika İnstitutunun 2024-cü ilin payızında dərc etdiyi sorğular isə bir qədər fərqli mənzərə nümayiş etdirirdi. Respondentlərin 48%-i bir qurum olaraq kilsədən tam və ya qismən razı, 47%-i isə narazılıq ifadə edib (2019-cu ilin oktyabrında bu nisbət 74%-dən 21%-ə qədər idi). Beləliklə, öz işindən razılıq baxımından kilsə silahlı qüvvələrdən, polisdən, regional və yerli hakimiyyət orqanlarından geridə olsa da, baş nazir aparatını, nazirlikləri, məhkəmələri və parlamenti qabaqlayır.
Bununla belə Paşinyanın da sosial dayaqları güclüdür. Əgər kilsəni revanşistlər və ultramillətçilər dəstəkləyirsə, Paşinyanı sadə ermənilər müdafiə edir. Ona görə də bu mübarizədən Paşinyanın qalib çıxacağı daha inandırıcı görünür.
Surxay Atakişiyev, Bizim.Media