Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə mətbuatında onun guya Antalyada tətil keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin “Sözcü” qəzetində yayımlanan xəbərə əsasən, guya Anna Akopyan 19–22 iyun tarixlərində Antalyanın ən bahalı otellərindən birində – “Titanic Mardan Palace”da dincəlib və bu tətil üçün ümumilikdə 100 min avrodan çox pul xərclənib.
Qəzet onun lüks prezident nömrəsi olan “King Suite”də qaldığını və gecəlik qiymətin 6 min avro təşkil etdiyini yazıb. Həmçinin qeyd olunub ki, o, şəxsi yoqa məşqçisi, fərdi qulluqçu, şampanla dolu vanna, yaxta kirayəsi və mini-bardan istifadə edib.
Lakin Anna Akopyan bu xəbərləri qəti şəkildə rədd edib və öz Facebook səhifəsində yazıb ki, həmin günlərdə o, Ermənistanın Zəngəzur mahalında (Sünik vilayəti) qızları ilə birlikdə olub.
O paylaşımında yazır: “Bu xəbərlər mənim haqqımdadır. Təbii ki, guya 19–22 iyun tarixlərində “Titanic Mardan Palace” otelində 3 gün qalmağımın necə bu qədər astronomik məbləğə başa gəldiyi sual doğurur. Guya mən prezident nömrəsində qalmışam, lüks xidmətlərdən istifadə etmişəm və s. Bu, bizim savadsız və mənsubiyyətsiz qəzetçilərimizin məmnuniyyətlə yaydığı “əla” bir hekayədir. Amma reallıq ondan ibarətdir ki, həmin günlərdə mən qızlarımla birlikdə Sünik bölgəsində olmuşam. Möhtəşəm vaxt keçirdik! 19 iyun səhəri İrəvandan çıxdıq, “Harsnadzor Eco Resort”da nahar etdik, “Tatev Qanadları”nı ziyarət etdik, gəzdik və Gorusdakı HarMar otelində gecələdik. 20 iyun günü Gorusdən Qafan şəhərinə getdik. Bütün günü Xustup dağına, şəhərə, Vaçagan çayına və insanlara tamaşa etməklə keçirdik. AntariProject-də nahar etdik və Caffè 48-də ölməz alma ştrudelin dadına baxdıq.”
Anna Akopyan daha sonra bildirib ki, qızları Qafan şəhərindən Meğriyə yola düşüb, özü isə 21 iyun tarixində Maralikdə planlaşdırılmış "Təhsil dəbdədir" adlı hərəkatın mühazirəsi səbəbilə İrəvana qayıdıb. “Bəs mən necə günahımı gizlədə bilərdim?”. Bazar günü, yəni 22 iyunda isə bütün günü evdə olmuşam. Təbii ki, bunu sübut edən heç bir fotoşəkilim yoxdur”, – deyə Anna Akopyan qeyd edib.
O, həmçinin Sünik səfəri zamanı çəkilən fotoşəkilləri də paylaşaraq Türkiyə mətbuatında yer alan xəbərlərin saxta və böhtan xarakterli olduğunu göstərməyə çalışıb.
Bizim.Media