2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II Qareginin (əsil adı Ktriç Nersesyan) mətbuat katibinin onun sünnət olunduğu ilə bağlı verdiyi bəyanata sərt şəkildə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Hraparak.am” saytında yerləşdirilib.
“Ktriç Nersesyanın sözçüsü bəyan edib ki, guya mən sünnət olunmuşam. Mən Ktriçi və onun sözçüsünü qəbul etməyə və əksini sübut etməyə hazıram”, deyə o bildirib.
Baş nazir bununla da kifayətlənməyərək, Katolikosu birbaşa subaylıq andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edib:
“O isə, nəhayət, cavab versin: subaylıq andını pozub, yoxsa yox? Övladı var, ya yoxdur?”
Bu bəyanat Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında gərginliyin daha da artdığını göstərir. Kilsənin ünvanına əvvəllər də bir sıra tənqidlər səsləndirən baş nazir bu dəfə şəxsi həyatla bağlı iddiaları gündəmə gətirərək qarşıdurmanı yeni mərhələyə keçirib.
Qeyd edək ki, son günlərdə Paşinyan hökuməti ilə Kilsə arasında münasibətlər kəskinləşib. Baş nazir Katolikosu və digər din xadimlərini bir neçə dəfə əxlaqsızlıqda, korrupsiyada və mənəvi deqradasiyada ittiham etmişdi. Bunun qarşılığında isə ölkədə kilsə tərəfdarlarının mitinqləri və yürüşləri baş tutmuşdu.
Hazırkı ritorika isə siyasi mübahisənin artıq şəxsi və bioloji iddialar səviyyəsinə keçdiyini göstərir.
Bizim.Media