Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yayımladığı bəyanatında bütün ermənilərin katolikosu II Qareginin istefasını açıq şəkildə tələb edib.
Bizim.Media xəbər verir ki, o, yazısında katolikosun dini deyil, əsil adından (Ktriç Nersesyan) istifadə edərək, onu ictimai şəkildə hədəfə alıb.
Paşinyan bu çağırışı yalnız inanclı vətəndaşlara deyil, həm də “kilsənin dəyərlərinə sadiq qalan ruhanilərə” ünvanlayıb.
Baş nazir bildirib: “Eçmiədzini Tanrı qarşısında verdiyi vədi pozmuş və əxlaqi durumu dünyəvi həyat standartlarına belə uyğun gəlməyən şəxslər idarə edəndə, bütün xalqın əxlaqı sual altına düşür.”
Paşinyan əlavə edib ki, özü hər gün dua edir və vaxtaşırı oruc tutur. Bununla belə, o, Eçmiədzində “əxlaqi imperativin hökm sürməsinin alternativsiz olduğunu” bildirib:
“Başqa yol yoxdur.”
Bu çıxış Paşinyanın və onun ailə üzvlərinin Ermənistan Apostol Kilsəsinə qarşı son dövrdə həyata keçirdiyi açıq hücumların davamıdır. Mətbuatda yayılan məlumata görə, 29 may tarixində hökumət iclasında Paşinyan bir sıra kilsələrin vəziyyətini sərt şəkildə tənqid edərək onları “zir-zibil dolu anbarlar” adlandırıb, 30 may tarixində isə sosial şəbəkədə paylaşdığı yazıda ruhanilərdən birini əxlaqsızlıqda ittiham edib.
Ardınca, həyat yoldaşı Anna Akopyan Katolikosu “baş mafioz”, onun tərəfdarlarını isə “ölkənin baş pedofilləri” adlandırıb.
9 iyunda isə Paşinyan Katolikosu selibat andını pozmaqda və övladı olmaqda günahlandıraraq, bu barədə “sübutları təqdim edəcəyini” bildirib və möminləri patriarx iqamətgahını azad etməyə çağırıb.
Bu hadisələr fonunda Ermənistan cəmiyyətində dini və dünyəvi hakimiyyət arasında toqquşma daha da kəskinləşib. Kilsə dairələri isə baş nazirin çıxışlarını konstitusiyanın və dini azadlıqların pozulması kimi dəyərləndirirlər.
Nikol Paşinyanın son çağırışı göstərir ki, Ermənistan hökuməti ilə Apostol Kilsə arasındakı münasibətlər açıq siyasi qarşıdurma səviyyəsinə çatıb. Bu, ölkədə dini institutların nüfuzuna, cəmiyyətin parçalanmasına və siyasi mühitin sabitliyinə ciddi təsir göstərmək potensialına malikdir. Müxalifət və Kilsə tərəfdarları yaxın günlərdə ictimai etiraz aksiyalarının artacağını bildirirlər.
Bizim.Media