Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist "sərhəd missiyası"nın bir qrup üzvü yenidən Azərbaycanla sərhədə gəlib. Onlar bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb.
Avropalılar binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan tərəfi təxribatçı "müşahidə missiyası"nın fəaliyyətini diqqətlə izləyir.
Bizim.Media xəbər verir ki, modern.az-a açıqlamasında bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova mövziya münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Aİ-nin Ermənistanla sərhəddə yerləşən “mülki missiya” ilə bağlı mövqeyi aydındır.
O qeyd edib ki, sərhədə “mülki missiya” adı altında yerləşən Aİ-nin kəşfiyyat qrupu regionda yalnız gərginliyi artırmaq, Ermənistan üzərindən təxribatlar reallaşdırmaqla məşğuldur və onların mövcudluğu regional sabitlik üçün riskdir:
"Təsadüfi deyil ki, Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyekt tikib. Bu, “sülh” adı altında regionda destruktiv fəaliyyətdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu missiya rəsmi Bakı ilə Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir – “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb.
Halbuki buna ehtiyac yox idi. Rəsmi Bakı birmənalı şəkildə missiyanın fəaliyyətini də, “binokl diplomatiyası”nı da rədd edir.
Azərbaycanın sülhlə bağlı rəsmi şərtləri aydındır – Ermənistanın Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Mülki missiyanın fəaliyyətinin dayandırılmasının şərt kimi irəli sürülməsinə gəlincə, sərhəddə üçüncü qüvvələrin olmamasına dair məsələ sülh sazişinin layihəsində əks olunub. Ermənistan da bu şərti qəbul edib, sadəcə, bütün şərtlərin yerinə yetirilməsi vacibdir".
Parlamentari vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi yekun sülh müqaviləsini imzalamaq üçün özündə siyasi iradə tapsa, regionda 3-cü qüvvələrin mövcudluğuna ehtiyac qalmayacaq:
"Bu mənada hesab edirəm ki, rəsmi Bakı missiyanın bölgədən çıxarılması ilə bağlı bütün lazımi addımları atmaqdadır. Normallaşma prosesi baş tutsa, missiyanın fəaliyyətinə xitam verilməsi qaçılmaz olacaq".
Bizim.Media