Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının bir sıra şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Bizim.Media “Mash” teleqram kanalına istinadla xəbər verir ki, bir neçə yaşayış məntəqəsində hava hücumu siqnalı verilib, yerli sakinlər hava hücumundan müdafiə sistemlərinin (PVO) fəaliyyət göstərdiyini bildiriblər.
Rusiyanın hava nəqliyyatı üzrə rəsmi nümayəndəsi Artyom Korenyakonun verdiyi məlumata görə, Soçi hava limanında təyyarələrin qəbulu və buraxılışı üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bundan əvvəl eyni məhdudiyyətlər Gelencik hava limanında da tətbiq edilmişdi.
“Mash” nəşrinin məlumatına əsasən, Soçi üzərində iki dron vurulub. Şəhər sakinləri isə altıdan çox partlayış səsi eşitdiklərini bildiriblər.
Soçi şəhərinin meri Andrey Proşunin “Telegram”da bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemi işləyir. O, sakinlərə təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib:
“Əgər siz sahil zolağının yaxınlığında yaşayırsınızsa, qətiyyən çölə çıxmayın”.
Sosial şəbəkələrdə çimərliklərdən insanların təxliyə olunduğunu əks etdirən görüntülər yayılıb. Eyni zamanda, dron hücumu təhlükəsi ilə əlaqədar separatçı Abxaziya ilə sərhəddə yerləşən “Psou” sərhəd-keçid məntəqəsi bağlanıb. Piyada və nəqliyyat keçidləri üzrə hərəkət məhdudlaşdırılıb.
Bizim.Media