ABŞ-ın Florida ştatında qeyri-adi hadisə yaşanıb. Ştatın Sent-Conz dairəsində polis əməkdaşı fərdi evin hovuzuna düşən alliqatoru (daha çox Amerikada yaşayan timsahkimilər fəsiləsindən olan heyvan – red.) yalın əllə sudan çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Hadisə anı yerli şerif idarəsi tərəfindən yayımlanan kamera görüntülərində əks olunub.
Məlumata görə, zabit Riçardson əvvəlcə alliqatoru torla tutmağa çalışıb, lakin bu mümkün olmayıb. Nəticədə o, birbaşa sürünənə yaxınlaşaraq onunla əlbəyaxa mübarizəyə girib. Qısa mübarizədən sonra polis kiçik ölçülü alliqatoru sudan çıxararaq zərərsizləşdirib. Daha sonra heyvan patrul maşınına yerləşdirilib və yaxınlıqdakı gölə buraxılıb.
Ev sahibi polisin peşəkarlığına heyran qaldığını bildirib:
“Onun bu cür soyuqqanlı davranışından görünür ki, bu yerlərdə böyüyüb, ona görə də alliqatordan qorxmurdu”.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri Florida ştatında polisə alliqatorlarla bağlı 12 mindən çox şikayət daxil olub.
Bizim.Media