İsrailin pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənub bölgəsində, xüsusilə də Süveyda əyalətində yerləşən ərəb yaraqlılarının mövqelərinə bir neçə dəfə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, yerli mənbələrin və müstəqil monitorinq təşkilatlarının məlumatlarına görə, bu zərbələr əsasən İranın dəstəklədiyi yaraqlı qrupları və rəsmi Tehrana sadiq qüvvələri hədəfə alıb.
PUA zərbələri əsasən silah anbarlarına, hərbi karvanlara və komanda məntəqələrinə yönəlib. Hədəflənən qruplar arasında Livan "Hizbullah"ı ilə əlaqəli dəstələr və İranın İnqilab Keşikçiləri Korpusunun yerli birləşmələri də yer alıb. Hava hücumları nəticəsində bir neçə yaraqlının öldürüldüyü və texniki infrastrukturun sıradan çıxdığı bildirilir.
Zərbələrin həyata keçirildiyi bölgədə son həftələrdə ciddi gərginlik hökm sürürdü. Suriyanın Süveyda şəhərində yerləşən Suriya Ərəb Ordusu (SƏO) bir neçə gün əvvəl bu ərazidən rəsmi olaraq geri çəkilib.
Çıxarılma prosesi yerli druz və ərəb qəbilələrinin uzunmüddətli narazılığı, həmçinin Tehran meyilli qrupların bölgədəki nüfuzunun artması fonunda baş verib.
Süveyda şəhəri və onun ətrafı əsasən druz icmasına mənsub əhali ilə məskunlaşıb və bu bölgə illərdir mərkəzi hökumətlə münaqişəli münasibətlərə malikdir. Yerli liderlər dəfələrlə bildiriblər ki, İranın və onun nəzarətində olan şiə yaraqlı dəstələrin bölgəyə yerləşdirilməsi onların təhlükəsizliyini təhdid edir. Bu səbəbdən də onlar həm Dəməşq hökumətinin, həm də İran tərəfdarlarının bölgədən çıxarılmasını tələb ediblər.
İsrail isə son illərdə Suriyada İranın hərbi infrastrukturunun möhkəmlənməsinə qarşı strateji mübarizə aparır və bu məqsədlə yüzlərlə hava əməliyyatı həyata keçirib. Tel-Əviv rəsmiləri dəfələrlə bəyan ediblər ki, İranın Suriyada hərbi mövcudluğu İsrailin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir və bu təhlükə aradan qaldırılmayınca əməliyyatlar davam edəcək.
Süveydadan Suriya ordusunun çıxması, İsrailin hücumları və İran tərəfdarlarının bölgədəki artan fəaliyyəti regionda yeni bir qarşıdurma dalğasının başlaya biləcəyindən xəbər verir.
Bu isə həm Suriyadakı daxili balansı, həm də İsrailin regional siyasətini birbaşa təsirləndirə bilər.
Bizim.Media