Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib.
Bizim.Media xəbər verir ki, Ukraynanın müxtəlif şəhərlərinə edilən hücumlar nəticəsində həm sənaye, həm də mülki obyektlər ciddi şəkildə zədələnib, xəsarət alanlar var.
Yerli hakimiyyət orqanlarının məlumatına görə hücumlar aşağıdakı istiqamətlərdə qeydə alınıb:
Vinnitsa vilayəti – Rusiya ordusu bu bölgəyə təxminən 30 pilotsuz uçuş aparatı (PUA) göndərib. Hava hücumları nəticəsində sənaye və mülki obyektlərə zərbələr dəyib. Hazırkı məlumata görə 7 nəfər yaralanıb.
Krivoy Roq – Şəhərdəki yerli sənaye müəssisəsi tamamilə məhv edilib. Bir nəfər yaralanıb.
Xarkov – Şəhərdə təxminən 16 partlayış baş verib. Bu partlayışlar nəticəsində bir müəssisədə yanğın başlayıb. Yaralananlar var, dəqiq sayı açıqlanmır.
Kramatorsk – Rusiya istehsalı olan bir PUA çoxmərtəbəli binaya çırpılıb. Zərbənin nəticəsində binada yanğın baş verib.
Ukrayna tərəfi hücumların nəticələrini qiymətləndirməkdə davam edir. Rusiya tərəfi isə hələlik hücumlarla bağlı rəsmi açıqlama verməyib.
Bu hücumlar münaqişənin daha da gərginləşdiyini göstərir və həm mülki əhaliyə, həm də infrastruktur obyektlərinə ciddi zərər vurur.
Bizim.Media