Fransada 14 iyul Bastiliya qalasının alınması günü ənənəvi olaraq dövlət səviyyəsində, böyük təntənə ilə qeyd olunur. Bu il Parisdə keçirilən hərbi parad zamanı gözlənilməz hadisə baş verib: bir at nəzarətdən çıxaraq qaçıb, digəri isə üzərindəki süvari əsgəri yerə atıb.
Bizim.Media xəbər verir ki, hadisə Fransa paytaxtında keçirilən əsas paradda — Yelisey çöllərindəki hərbi yürüş zamanı baş verib.
Təhlükəsizlik xidmətləri tez bir zamanda müdaxilə edərək qaçan atı dayandırıblar və hadisənin daha da böyüməsinin qarşısını alıblar.
Yıxılan süvari isə yüngül xəsarətlərlə ayağa qalxıb, onun səhhəti ilə bağlı ciddi problem olmadığı bildirilib.
Xatırladaq ki, 14 iyul Fransada Milli Bayram hesab olunur və 1880-ci ildən etibarən rəsmi şəkildə qeyd olunur. Bu gün 1789-cu ildə Bastiliya qalasının üsyançılar tərəfindən alınmasının xatirəsinə həsr olunub. Məhz həmin hadisə Böyük Fransız İnqilabının simvolik başlanğıcı sayılır. Hər il bu tarixdə ölkə boyu paradlar, hava fişəngləri və müxtəlif tədbirlər təşkil olunur.
Bu ilki tədbir də istisna olmayaraq geniş miqyasda keçirilib, Fransa prezidenti Emmanuel Makron da paradı izləmiş, yüksək rütbəli hərbçilər və beynəlxalq nümayəndələr tədbirdə iştirak etmişdilər.
Hadisə rəsmi proqramın ümumi ab-havasını dəyişməsə də, təhlükəsizlik məsələlərinin bir daha gündəmə gəlməsinə səbəb olub. Sosial şəbəkələrdə də bu görüntülər geniş yayılıb və parad zamanı heyvanların idarə olunmasına dair əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Bizim.Media