Şəkidə hərəkətdə olan avtomobilin sürücüsü ürəktutmadan vəfat edib.
Şəkinin Çeşməli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Ürəyi tutan sürücü avtomobili kolluğa aşırıb, yanında olan qardaşı xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu hadisə yerindən bildirir ki, Balakən rayon sakini 73 yaşlı Yusif Muradovun idarə etdiyi "Lada Prioara" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə yuvarlanıb. Hadisə zamanı sürücü Yusif Muradov dünyasını dəyişib.
Sürücünün meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təhvil verilib.
İlkin müayinə zamanı Yusif Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.
Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu