"Ötən gün Bakıda polisin "saxla" əmrinə tabe olmayaraq, qaçmağa cəhd edən motosiklet sürücüsünün şəxsiyyəti müəyyən edilir və onun aşkar edilərək inzibati məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirilir".
Bizim.Media xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.
"Bu cür hüquqazidd halların qarşısının alınması məqsədilə Dövlət Yol Polisi tərəfindən gündəlik nəzarət və profilaktik tədbirlər davam etdirilir. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təhdid yaradan istənilən hərəkətə hüquqi qiymət veriləcək, məsuliyyətə cəlb olunma təmin ediləcək.
Yol hərəkəti qaydalarına etinasız münasibət təkcə bir sürücünün deyil, bütöv cəmiyyətin təhlükəsizliyinə təhdiddir. Təhlükəsiz yol hərəkəti mədəniyyəti hamımızın ortaq məsuliyyətidir", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, metronun "Həzi Aslanov" stansiyası yaxınlığında yüksək sürətlə hərəkət edən motosiklet sürücüsü digər hərəkət iştirakçılarına da təhlükə yaradıb. Polis əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayan şəxs xuliqanlıq hərəkətləri törədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bizim.Media