Krımda yerləşən “Tayqan” adlı safari-zooparkın sahibi və Rusiya ilə əməkdaşlıq edən tanınmış kollaborant Oleq Zubkovu zooparkdakı şirlərdən biri ağır yaralayıb.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Zubkovun şirlərin qəfəsinə daxil olmasından sonra baş verib.
Belə ki, Şir qəfildən hücum çəkərək onu dişləyib. Zubkov dərhal xəstəxanaya çatdırılıb və hazırda reanimasiyadadır.
Hazırda onun vəziyyəti barədə rəsmi açıqlama verilməyib, lakin rusiya mənbələrinin yazdığına görə, o, ciddi zədələr alıb və həyatı üçün təhlükə qalmaqdadır.
Hadisə ictimaiyyət tərəfindən “ilahi ədalət” kimi şərh olunur — şirlə oynayan kollaborantın öz oyununun qurbanına çevrildiyi deyilir.
Qeyd edək ki, Oleq Zubkov Rusiya tərəfindən işğal olunmuş Krım ərazisində Kremlin təbliğatına dəstək verən şəxslərdən biri kimi tanınır. O, daha əvvəl də müxtəlif qalmaqallı davranışları ilə gündəmə gəlib. Xüsusilə, Rusiya ordusunun 2022-ci ildə Xersonu işğal etməsi zamanı oradakı zooparkdan bir sıra heyvanları, o cümlədən məşhur “Xerson yenotu”nu oğurlaması ilə ictimai qınağa tuş gəlmişdi.
Bu hadisə sosial şəbəkələrdə və mediada geniş şəkildə yayılaraq simvolik bir hadisəyə çevrilmişdi.
Xatırladaq ki, Zubkov əvvəllər də zooparkda təhlükəli heyvanlarla ehtiyatsız davranışına təndiq olunub. Onun ziyarətçilərin gözü qarşısında şirlərin qəfəslərinə girməsi və bu heyvanlarla oynaması dəfələrlə müşahidə olunub.
Bizim.Media