Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın prezidenti Donald Trampın İrana qarşı atdığı addımı dəstəkləyib.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə videomüraciətində danışıb.
O xatırladıb ki, Rusiya İrandan “Şahed” dronları alır:
“Hamımız yaxşı xatırlayırıq ki, Rusiyanın bu cür silahları haradan gəlir. İranın Rusiyanı dəstəkləmək qərarları ölkəmizdə və bir çox başqa ölkələrdə genişmiqyaslı dağıntılar və böyük insan itkilərinə səbəb olub. Bu, doğrudan da dayandırılmalıdır”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti həmçinin nüvə silahının yayılmasına da qarşı çıxıb:
“Müasir dünyada nüvə silahının yayılmasına yol verilməməlidir. Bu, xüsusi olaraq vurğulanmalıdır. Bu məsələdə Prezident Trampın qərarlılığı çox vacibdir. Eyni zamanda diplomatik metodların vacibliyi də qeyd olunmalıdır”.
Xatırladaq ki, iyunun 22-də gecə saatlarında ABŞ hərbi hava qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib. Trampın sözlərinə görə, İranın nüvə proqramı hücum nəticəsində məhv edilib.
Bizim.Media