İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hərbi əməliyyatlar çərçivəsində Kermanşah şəhərində yerləşən bir neçə strateji hədəfə aviazərbələr endirib. İranın qərbində, İraq sərhədinə yaxın bölgədə yerləşən Kermanşahda hədəflənən obyektlərin hərbi və logistika baxımından önəmli olduğu bildirilir.
Bizim.Media xəbər verir ki, yayılan ilkin məlumatlara görə, hücumlar gecə saatlarında həyata keçirilib və bölgədə güclü partlayış səsləri, yanğınlar və enerji infrastrukturunda fasilələr qeydə alınıb.
Hücumların nəticəsində hərbi anbarlar, sursat saxlancları, eləcə də SEPAH-a aid bəzi obyektlərin hədəf alındığı iddia olunur.
İsrail tərəfi hücumla bağlı rəsmi açıqlama verməsə də, regional təhlükəsizlik mənbələri bildirirlər ki, bu zərbələr İranın İsrailə qarşı istifadə etdiyi proksi qüvvələrə dəstəyini zəiflətmək məqsədi daşıyır. Kermanşah bölgəsi SEPAH-ın qərb istiqamətində yerləşən əsas bazalarından biri hesab olunur və uzun illərdir ki, silah daşımaları, təlimlər və logistik dəstək baxımından mühüm mövqe tutur.
İran isə hücumlara sərt reaksiya verərək, İsrailin bu addımlarını beynəlxalq hüququn pozulması və birbaşa təcavüz aktı kimi qiymətləndirib. Rəsmi Tehran qeyd edib ki, “bu hücumlar cavabsız qalmayacaq” və İranın silahlı qüvvələri ölkənin suverenliyini qorumağa tam hazırdır.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir. İsrail və İran arasında qarşılıqlı hücumlar artıq müntəzəm xarakter almağa başlayıb. Beynəlxalq ictimaiyyət isə tərəfləri dərhal hərbi eskalasiyanı dayandırmağa və diplomatik yollarla gərginliyi azaltmağa çağırır.
Bizim.Media