Bu gün səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus silahlı “Hermes 900” tipli pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv edib.
Bizim.Media xəbər verir ki, hadisə İranın Mərkəzi vilayətinin hava məkanında baş verib.
İranın rəsmi mənbələrinin – xüsusilə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, İsrailə məxsus bu PUA ölkənin hava məkanına daxil olduqdan sonra izlənilib və dərhal cavab tədbiri görülüb.
SEPAH-ın Hava Hücumundan Müdafiə bölmələri dronu hədəfə alaraq dəqiq atəşlə vurublar.
İran mediası bu hadisəni ölkənin suverenliyinə qarşı pozuntu kimi qiymətləndirib və qeyd edib ki, bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq.
Bu insident İran və İsrail arasında artan hərbi gərginliyin fonunda baş verir. Son günlər iki ölkə arasında qarşılıqlı hava zərbələri, təhdidlər və hərbi əməliyyatlarla müşayiət olunan təhlükəli eskalasiya müşahidə olunur.
İran rəsmiləri İsrailin bu tip kəşfiyyat və təxribat cəhdlərinin ölkənin ərazi bütövlüyünə qarşı yönəldiyini bildirir və cavabın bundan sonra daha sərt olacağını vurğulayır.
Xatırladaq ki, “Hermes 900” dronu İsrailin istehsalı olan ən müasir kəşfiyyat və zərbə imkanlarına malik pilotsuz aparatlardan biridir və çox vaxt strateji missiyalarda istifadə olunur. Onun silahlı versiyası həm kəşfiyyat, həm də hücum məqsədilə işlədilir.
Bizim.Media