Jurnalist Lalə Azərtaş Xalq artisti Arif Babayevin vida mərasimində çıxış edərək onunla bağlı xatirələrini bölüşüb:
“Həm Azərbaycan mədəniyyətinə, həm də el-obamıza baş vermiş böyük acıdır. Kiçik bir dostluğumuz var idi. Hər halda Ağdam səfərimizi hər kəs izləyib. Bu insanın vətən sevgisini, torpaq, muğam sevgisini daha yaxından orada gördüm.
Əyilib ona bir parça torpaq verdim, öpdü və o torpağı geri atmağa qıymadı, cibinə qoyub Bakıya gətirdi. Hardasa 10 gün qabaq Qaxa getməzdən öncə görüşdüm onunla. Biz hər il Qaxa da gedirik. Səhhətində problem var idi deyə, getmək onun üçün çətin olsa da, bizimlə razılaşmadı – Qaxı da görüm vidalaşım dedi. Sanki insan hiss edirdi. Qapıdan çıxanda məni alqışladı. Ailə üzvlərinə dedim ki, burda alqışlanacaq biri varsa onun özüdür, bizi niyə alqışlayır?”
Lalə Azərtaş Arif Babayevlə Ağdam xatirələrindən də danışıb:
“Arif müəllimə söz vermişdim, Ağdamda ev muzeyi yaradılacağı halda, birlikdə ora gedəcəyik. Təəssüf ki, bu, qismət olmadı. Ağdam azad olunanda zəng edib dedim: "Gözünüz aydın, arzunuza çatdınız."Cavabı belə olmuşdu: "Hələ bir arzum qalıb Ağdama getmək". Şükürlər olsun ki, o arzusu da yerinə yetdi.
Arif müəllim sağlığında dövlət səviyyəsində qiymətləndirildi. O, daim Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqla danışırdı. Allah ona rəhmət eləsin. Arif Babayev bizim fəxrimizdir, xalqın yaddaşında əbədi yaşayacaq.”
Aygün Hüseyn, Elcan Bəşirli, Pərviz Allahverdiyev