Qusar şəhərindəki general Mahmud Əbilov adına mərkəzi meydanında Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Rayon Mədəniyyət Mərkəzi və Hil kənd Folklor Evinin birgə təşkilatçılığı ilə "Nəğməli görüşlər" adlı konsert proqramı keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgənin zəngin folklor irsini və milli musiqi ənənələrini geniş auditoriyaya təqdim etmək, yerli yaradıcı kollektivlərin fəaliyyətini təşviq etmək, həmçinin rayon sakinləri üçün mənəvi-estetik istirahət mühitini formalaşdırmaq məqsədilə keçirilən konsert proqramında Hil kənd Folklor Evinin bədii kollektivləri, yerli ifaçılar və istedadlı gənc musiqiçilər tərəfindən xalq və bəstəkar mahnıları, rəqs nömrələri, həmçinin instrumental kompozisiyalar təqdim olunub.
Rəngarəng repertuar, canlı ifalar və səmimi ab-hava tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
“Nəğməli görüşlər” adlı bu layihənin yay ayları ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu