Türkiyəli məşhur sənətçi Hülya Avşarın “Məndən az qazanan kişiyə hörmət etmərəm” fikri, eyni zamanda iqtisadçı Fərhad Pərvizinin “Kişi elə olmalıdır ki, qadını özünə tabe etdirsin” açıqlaması son günlərdə cəmiyyətin diqqət mərkəzinə düşüb.
Bu cür fikirlər gündəmdə mübahisələrə səbəb olduğu bir vaxtda, məsələyə psixoloq Samirə Bağırova münasibət bildirib.
Bizim.Media-ya açıqlamasında psixoloq qeyd edib ki, bu tip fikirlərin hər birinin arxasında fərqli motivlər dayanır:
“Bəziləri belə açıqlamaları diqqət çəkmək üçün verir, bəziləri isə maarifləndirici məqsəd güdür. Amma hər iki halda, emosional və sosial kodlarla yüklü, fərdi dəyərlərin təzahürüdür. Hülya Avşarın dediyi “kişinin maliyyə gücü hörmətin şərtidir” yanaşması, əslində bəzi qadınların səssizcə düşündüyü, lakin açıq ifadə etməyə çəkinə biləcəyi fikirdir. Bu isə nəfsin, eqonun, maddi düşüncələrin hökm sürdüyü yanaşmadır və bu tip fikirlər ailədaxili sabitliyi zədələyən amillərdəndir”.
Bağırova vurğulayıb ki, evlilik təkcə maddi rahatlıq, ehtiras və ya xarici görünüşə əsaslanmamalıdır:
“Ailə birliyi iki insan arasında ruhən bağlanan müqavilədir. Burada təməl olan dəyərlər - güvən, sevgi, səmimiyyət və dayaqdır. Bu dəyərlər üzərində qurulmayan münasibətlər, istər-istəməz sarsıntıya məhkum olur”, - deyə o, bildirib.
Psixoloq hesab edir ki, şou-biznes nümayəndələrinin, xüsusilə də populyar simaların belə fikirlər səsləndirməsi, onların öz yaşam tərzləri və ətrafdan aldıqları təzyiqlərlə əlaqəlidir:
“Onlar daim diqqət və maddi imkanlarla əhatələndikləri üçün, zamanla dəyərləri də bu çərçivədə formalaşır. “Aşıq gördüyünü çalar” məsəlində olduğu kimi, gördükləri və yaşadıqları həyat onların dəyər sistemini müəyyənləşdirir”.
İqtisadçı Fərhad Pərvizin fikirlərinə toxunan Samirə Bağırova isə əlavə edib:
“Kişi çox pul qazanmalıdır” yanaşması artıq keçmişdə qalan düşüncə tərzidir. Əgər bir kişi məsuliyyətli, intellektual və ya fiziki bacarığı ilə ailəsini dolandırmağa çalışırsa, bu kifayətdir. Kiminsə az, kiminsə çox qazandığını müqayisə etmək, bərabərhüquqlu cəmiyyət anlayışına ziddir. Əgər biz həqiqətən ədalətli və bərabərhüquqlu bir cəmiyyət qurmaq istəyiriksə, o zaman nə kişini, nə qadını qazancına görə dəyərləndirməliyik”.
Müsahib sonda vurğulayıb ki, hörmət və sevgi pulla ölçülməməlidir:
“Pul qazanmaq kişini güclü göstərmir. Əgər onun vicdanı, dürüstlüyü, sevgisi və mənəvi dayağı yoxdursa, o zaman bu şəxsi nümunəvi kişi kimi təqdim etmək olmaz. Əksinə, qadınına dəyər verən, sevgi göstərən və könül qazanan kişi hörmətə layiqdir - pul qazanan deyil”.
Aygün Hüseyn, Bizim.Media