Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin “Mahnı və rəqs ansamblı”nın solisti Kəmalə Xəlilli növbəti açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media-ya danışan sənətçi yeni layihələrindən söz açıb:
“Hazırda tədbirlərə hazırlaşırıq, hərbi hissələrdə konsertlər üçün məşq edirik. Mahnılarımız hazırdır. Ardınca yay günləri başlayır, istirahət etməliyəm. Dincəlməyə ehtiyac var, çox yorulmuşam. İnşallah yay bitsin müəyyən işlərimi görüm, layihələrimi hazırlayım. Sentyabrdan da yeni mahnılarım ərsəyə gələcək”.
K. Xəlilli həmçinin efir məkanından danışıb və bəzi müğənniləri tənqid edib: “Hörmətsizlik kimi olmasın. Mən verilişlərə baxıram, bəziləri bərbad gündədir, özümü orada görmürəm. Artıq suallar verirlər. Sənətdən başqa suallar ünvanlayırlar, az qalır, evinə gəlib qarderobuna girsinlər, görsünlər nə var, yox? Bu da düzgün deyil.
Amma baxımlı verilişlərimiz də var. Normal, səviyyəli proqramlar olur. Lakin bəzilərinin adını hallandırmaq istəmərəm. Göz önündədir, hamı bilir nəyi deyirəm. Bayağı oxuyanları çıxardırlar.
O verilişlərə getməkdənsə… Ona qalsa, çoxdan gedərdim, ucuz PR etməyi sevmirəm.
Olmayan ərlərindən danışırlar. Biri çıxıb, vannanı qoyub, ərinin corabını yuyur. Get hamamda yu, səhnədə niyə yuyursan? Bəzi insanlara baxıram ki, sənəti də var, niyə ona ehtiyac duyur?
Anti-reklamdır. Gözəl layihə edə bilərsən, klip çəkdirərsən. Onun PR-nı edərsən. Amma çıxıb mənasız söhbətlər edirlər”.
Sara, Bizim.Media