ATM-lərdən istifadə günbəgün daha da artır. Təsadüfi deyil ki, ictimai yerlərdə, ticarət şəbəkələrində və hətta küçələrdə ATM-lərə rast gəlinir. İnsanlar banka getmədən rahatlıqla kartlarındakı vəsaitləri bu ATM-lər vasitəsi ilə nağdılaşdırırlar.
Amma ATM-lər də xoşagəlməz hallardan sığortalanmayıb.
Artıq bir sıra Avropa ölkələrində ATM-lərdən dələduzluq yolu pul çəkmə halları artıb. Yayılan məlumatlarda bildirilir ki, dələduzlar vətəndaşların pullarını oğurlamaq üçün texniki hiyləyə əl atırlar. Belə ki, dələduzlar ATM-lərin pul çıxışı bölməsinə yapışqan material və ya xüsusi plastik örtük yerləşdirərək, vətəndaşın çıxartmaq istədiyi məbləği “tuturlar”. Vətəndaş pul çıxmadığını zənn edib oradan uzaqlaşan kimi isə dələduz pulu gizli örtükdən götürür.
MÖVZU İLƏ BAĞLI:
Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, banklar ATM-lər üçün yer seçərkən diqqətli olmalıdırlar:
“ATM-lərin az nəzarət olunan ərazilərdə yerləşdirilməlidir. Gecə saatlarında belə apatarların ətrafı normal işıqlandırılmalıdır. ATM-lər günün 24 saatı kamera nəzarəti ilə təmin olunmalıdır.
Bu məsələdə vətəndaşlar da diqqətli olmalıdırlar.
Maaş və pensiya günlərində yaranan uzun növbələrdə tələskənliyə yol verməməlidirlər. Prosesə başlayarkən ATM-ə diqqət etməli və prosesi sonadək səbrlə izləməlidirlər.
Bəzi hallarda vətəndaş pulun çıxmadığını zənn edib ATM-dən uzaqlaşır. Məhz belə vəziyyətdə onlar dələduzların qurbanına çevrilirlər. Bundan əlavə, vətəndaşlar bəzi hallarda yardım üçün kiməsə müraciət edirlər və bu zaman kartın kodunu ona bildirirlər. Bu qətiyyən doğru deyil. ATM-lərdən pul çəkərkən çox diqqətli olmalı və tələskənliyə yol verilməməlidir”.
Surxay Atakişiyev, Bizim.Media