İyul ayında 1 karatlıq brilyantların qiymət indeksi 1,4% azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə brilyant sənayesinə dair göstəriciləri hesablayan "Rapaport" agentliyi məlumat yayıb.
Sözügedən indeks – RapNet Diamond Index (RAPI) – D-dən H-ə qədər rəngə və IF-dən VS2-yə qədər təmizlik dərəcəsinə malik, 1 karatlıq dairəvi kəsimli brilyantları əhatə edir.
Fevral ayından bəri ilk dəfə olaraq, iyulda brilyant qiymətləri ucuzlaşmağa başlayıb. Bunun əsas səbəbləri kimi ABŞ-ın idxal rüsumlarını artıracağına dair narahatlıq, daha az tələbat olan brilyant növlərinin bazarda artması və mövsümi aktivliyin zəifləməsi göstərilir.
Daha kiçik ölçülü brilyantların qiymətləri daha kəskin şəkildə azalıb. Belə ki, 0,3 və 0,5 karatlıq daşlar üçün indeks müvafiq olaraq 3,3% və 4,7% enib. Daha iri daşlarda isə qiymətlər nisbətən sabit qalıb: 3 karatlıq brilyantlar üzrə RAPI indeksi cəmi 0,3% azalıb.
Rapaport agentliyi qiymətlərin düşməsini əsasən ABŞ-da rüsumlara dair qeyri-müəyyənliklə izah edir. İri pərakəndə satış şirkətləri alışlarını təxirə salıblar, bu isə istehsalın artması fonunda qiymət və ehtiyatlara təzyiq yaradıb.
ABŞ prezidenti Donald Trampın 30 iyul tarixində Hindistandan idxala 25%-lik gömrük rüsumu tətbiq ediləcəyini elan etməsi fonunda amerikalı alıcılar ayın son günü qiymətləri artırıblar. Yeni tarif 7 avqustdan qüvvəyə minəcək və buna görə də ehtiyatlar ABŞ-a doğru yönləndirilib.
Rapaport-un məlumatına görə, Hindistanda brilyant istehsalı fevraldan iyuna qədər artıb. Son iki ayda bazara sabit həcmdə yeni brilyant daxil olub. Xüsusən çəkisi 1,2 karatdan az olan dairəvi brilyantların ehtiyatları kəskin artıb və bu da təchizatçıları satışları stimullaşdırmaq məqsədilə qiymətləri endirməyə məcbur edib.
Bizim.Media