Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na dəyişiklik edilib.
Qərara əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Qərara əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir. Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsi ilə yük daşıma fəaliyyəti üzrə “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.
Bəs bu dəyişiklik sərnişindaşımaya da şamil edilə bilərmi?
Suala aydınlıq gətirən nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya bildirib ki, bu qərar yükdaşımalarla bağlı atılmış ən doğru addımdır:
“Belə addımların davamlı olacağı da gözləniləndir və inanmaq istərdik ki, sərnişindaşımada da bu cür stimullaşdırıcı tədbirlər görüləcək. Çünki sərnişindaşımada kifayət qədər problem var və avtobusla sərnişindaşıma heç də hamı üçün əlçatan deyil. Bu mənada sərnişindaşımada da müəyyən güzəştlər olmalıdır. Həmin güzəştlər həm maya dəyərə, həm də xidmətin keyfiyyətinə təsir edə bilər.
Nəzərə alaq ki, əhalinin ən çox istifadə etdiyi məhz avtobuslardır. Ona görə də avtobus sahiblərinin qayğılarını azaltmaq lazımdır. “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” ilə bağlı məsələlərə yenidən baxılsa yaxşı olar.
Bundan əlavə avtobus şirkətlərinə dövriyyə vəsaiti ayrılsa, şəhərimizdə daha çox yeni avtobus görərik. Məlumdur ki, yeni avtobuslar kifayət qədər bahadır. Bir avtobus üçün 200-250 min manat vəsait tələb olunur. Bu qədər vəsaiti kreditlə əldə eləmək faydalı deyil. Bütün bunlarsa sərnişindaşımada ümumi problemlərin yaranmasına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media