Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib. Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır.
Bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndəriblər.
Onların sözlərinə görə, bu addım maliyyə əməliyyatlarında şəffaflığı və vergi daxilolmalarını artırmaq, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada yaşayan soydaşlarımıza XƏBƏRDARLIQ – “Pul köçürmələrində problem ola bilər”
Bəs, belə bir qərar qüvvəyə minsə, bu Rusiyada yaşayan soydaşlarımıza necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, belə bir qərarın qəbulu Rusiyada yaşayıb, işləyən soydaşlarımıza birbaşa təsir etməyəcək:
“Amma soydaşlarımızın evlərinə pul göndərməsini əngəlləyəcək. Məlumdur ki, Rusiyada işləyən soydaşlarımızın çoxu qeyri-leqal fəaliyyət göstərir və vergi ödəyicisi deyillər. Leqal əmək haqqıyla işləyən soydaşlarımız xeyli azdır.
Bax, həmin insanlar Azərbaycana pul göndərərkən problemlə üzləşəcəklər. Çünki göndərilən vəsait aylıq leqal əməkhaqqı ilə tərs-mütənasib olmamalıdır.
Di gəl ki, Rusiyadakı soydaşlarımızın xeyli hissəsi bazarlarda, bir hissəsi isə tikintidə günəmuzd çalışırlar və gəlirləri barədə bəyənnamə vermirlər. Ona görə də adıçəkilən qərar qüvvəyə minsə, soydaşlarımız üçün ciddi problemlər yaranacaq”.
Surxay Atakişiyev, Bizim.Media