Maliyyə bazarında bitcoinin mövqeyi güclənməkdədir. Bitcoin 119 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb. Bu barədə “Binance”in məlumatında bildirilir. Ümumiyyətlə, son bir ayda bitcoinin məzənnəsi 12,9 faiz artıb.
Bu gedişlə bitcoin dolları sıxışdıra biləcəkmi?
Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, bitcoin ABŞ dolları və digər ənənəvi önəmli valyutaların yerini tutacaq potensiala malik valyuta növü deyil:
“Bitcoin əsas ödəniş vasitələrindən biri hesab oluna bilər. Amma düşüncəmə görə orta və uzunmüddətli dövrdə ABŞ Mərkəzi Bankı öz bitcoinini emmisiya edəcək və bundan sonra bitcoin sürətlə qlobal kriptovalyuta bazarında öz payını formalaşdıracaq.
Nəticədə bitcoin dollara münasibətdə ödəniş vasitəsi olaraq zaman-zaman öz bazar payını artıraraq prosesdə əvəzedici rol oynayacaq. ABŞ valyutasına olan güvənin arxasında daha çox məhz institusional sistem dayanır. Baxmayaraq ki, son bir neçə ayda bu istiqamətdə tərəddüdlər meydana çıxıb”.
Amerika idarəetmə modeli rasional məcraya yönələcək.
Ekspert düşünür ki, orta müddətli dövrdə ABŞ-da idarəetmə modeli yenidən rasional məcraya yönələcək:
“Bu proses çərçivəsində də insanların daha çox etibar etdiyi valyuta növü olaraq FED-in arxasında dayandığı kriptovalyuta növünün dolların əvəzində bazarda əsas ödəniş vasitəsi olaraq istifadəsi yönündə ciddi imkanlar formalaşdırılacaq”.
Rüfət Sultan, Bizim.Media