Dövlət xəstəxanalarında tibbi xidmətlərin böyük hissəsi İcbari Tibbi Sığorta çərçivəsində ödənişsiz göstərilsə də, vətəndaşların mühüm bir qismi hələ də özəl tibb müəssisələrini seçməyə üstünlük verir. Bu vəziyyət göstərir ki, sadəcə xidmətin pulsuz olması yetərli deyil – xidmətin keyfiyyəti, sürəti, şəraiti və pasiyentə yanaşma daha çox ön plana çıxır.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən professor Paşa Qəlbinur hesab edir ki, burada əsas fərq xəstəxananın dövlət və ya özəl olması deyil, həkimə duyulan etimaddır:
“Burada əsas məsələ xəstəxananın statusu deyil. İnsanlar haqqında müsbət fikirlər eşitdikləri, etibar etdikləri həkimə müraciət edirlər, istər dövlət, istərsə də özəl müəssisədə çalışsın. Sovet dövründə xəstəxanaların sayı az idi, bu gün isə yüzlərlə tibb müəssisəsi var. Əhali artıb, seçim də çoxalıb.
Tibb alətləri hər yerdə demək olar ki, eynidir. Amma nəticə bu avadanlıqlardan istifadə edən mütəxəssisin savadından asılıdır. Təbabətin əsası da məhz budur, peşəkar həkim”.
Professorun sözlərinə görə, xəstəxanaya olan münasibəti formalaşdıran da məhz həmin həkimlərə olan güvəndir, yoxsa tabeliyində olduqları qurumun hüquqi statusu deyil”.
Aygün Hüseyn, Bizim.Media