Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən Yaponiya və Cənubi Koreya başda olmaqla 14 ölkənin mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
“Biz bu ölkələrdən gələn tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son qoymalıyıq. Ona görə də daxil olan bütün mallara 25 % rüsum tətbiq edirik”, - ABŞ lideri yazıb.
Trampın bu açıqlaması fonunda dollar digər əsas valyutalara nisbətdə möhkəmlənib. Belə ki, dollar indeksi 0,48 faiz artaraq 97,65 bəndə çatıb.
Belə vəziyyətdə manatı görəsən hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, manat dollara nisbətdə mövcud məzənnəsini qoruyub saxlayacaq:
“Dolların məzənnəsinin son zamanlar aşağı-yuxarı “rəqs etməsi” Amerika dövlətinin iqtisadi siyasətdə apardığı ciddi dəyişikliklərlə bağlıdır. Amma dolların digər valyutalara nisbətdə möhkəmlənməsinin Azərbaycan manatına heç bir təsiri gözlənilmir. Bu da ilk növbədə manatın üzən məzənnə ilə tənzimlənməməsilə bağlıdır.
Hökumət manatı dollara nisbətdə tənzimləyir. Hökumət manata yönəlik kursunu dəyişməyib və dəyişmək fikri də yoxdur. Ona görə də dolların dəyər qazanması və yaxud dəyər itirməsinin manata indiki şərtlər daxilində o qədər də ciddi təsiri yoxdur”.
Bu isə ekspertin fikrincə, ölkəmizə sabitlik vəd edir:
“Neftin qiymətinin yüksək olması fonunda Azərbaycanın gəlirləri də yüksək olaraq qalır. Nəticədə manatın məzənnəsini uzun müddət sabit saxlamaq mümkün olacaq”.
Rüfət Sultan, Bizim.Media