İlin yalnız müəyyən dövrlərində, fəsildən asılı olaraq görülən, daimi olmayan işlər var ki, əsasən tələbələr, kənd təsərrüfatı və turizmlə məşğul olanlar daha çox maraq göstərirlər. Bəzən müəyyən mövsümdə sahibkarlar əlavə işçi qüvvəsinə ehtiyac duyurlar. Belə olduqda tətilə çıxmış tələbələr, ailə vəziyyəti, yaşayış yeri və s. ilə əlaqədar daimi çalışa bilməyən şəxslər belə müvəqqəti işlərdən yararlanırlar.
Bəs belə qısa müddət üçün əmək müqaviləsi bağlanmalıdırmı?
Bu, kimə sərf edir – sahibkara, yoxsa işçiyə?
MÖVZU İLƏ BAĞLI:
Əmək müqavilələri ilə bağlı MÜHÜM AÇIQLAMA
Hüquqşünas Cavid Səfərəliyev Bizim.Media-ya bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, mövsümi işlər üçün müddətli əmək müqaviləsi bağlanmalıdır. Bu sənəd hər iki tərəf üçün sərfəlidir.
“Məsələn, meyvə yığımı mövsümündə 2 aylıq götürülən işçi ilə elə həmin müddətə müqavilə bağlanır. Bu müddət bitdikdə müqavilə başa çatmış sayılır. Bəzən həm sahibkar, həm də işçi qısa müddətli əmək müqaviləsindən yayınırlar. Çox vaxt müqaviləsiz işləmək işçinin öz təşəbbüsü olur. Deyək ki, tələbədir, nə vaxtsa ofisiant işləməsinin, yaxud çimərlik təmizlikçisi olmasının rəsmiləşdirilib əmək kitabçasına düşməsini istəmir.
Eləcə də sahibkar artıq xərclərdən yaxasına qurtamağa çalışır. İlk baxışdan “alan razı, satan razı” prinsipiylə hər iki tərəfə sərfəli kimi görünə bilər. Amma müqavilənin olmamasının hansı mənfi nəticələrinin yaranacağından xəbərsizdirlər”.
Hüquqşünas qeyd edib ki, müqavilənin olmaması hər şeydən əvvəl qanun pozuntusudur. Müqavilə bağlanmaması üzə çıxarsa, sahibkara cərimə tətbiq oluna bilər və hüquqi məsuliyyət riski yaranır.
İşçi də həmçinin, müqaviləsi yoxdursa, iş hüquqları və maaş təminatı da yoxdur. Heç bir sübut olmadan işdən çıxarıla və maaşsız qala bilər və maaş alıb-almadığını sübut edə bilməz. Bir sözlə, müqavilə hər iki tərəf üçün zəruridir.
Şəfiqə Şəfa, Bizim.Media