Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartının ləğv edilməsi ilə bağlı ictimai müzakirə təşkil edib. İctimai müzakirələr nəticəsində standartın ləğv edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartı 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib və qüvvəyə minib.
MÖVZU İLƏ BAĞLI:
Toyuq ətində gizlənən BAKTERİYA - Zəhərlənməyə səbəb olur
Bu standartın ləğvi hansı nəticələri doğuracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Standartlaşdırma İnstitutu onların səlahiyyətlərinə aid olmayan standartları ləğv edir:
“Adı çəkilən standart artıq Səhiyyə Nazirliyi və AQTA-nın səlahiyyətinə aiddir. Son zamanlar AQTA-ya müəyyən səlahiyyətlər verilib. Bununla bağlı qurum müvafiq normativ sənədlər hazırlayacaq. Ona görə də işlək olmayan standartı Standartlaşdırma İnstitutu ləğv etmək qərarına gəlib”.
Müsahibimiz hesab edir ki, bu anormal haldır:
“Malların təhlükəsizliyini təmin etmək üçün standart ən yüksək sənəddir. Bu addımın əvəzinə elə bir iş görmək lazım idi ki, Standartlaşdırma İnstitutu AQTA-yla birgə işləsin və bu standart bir qədər də təkmilləşdirilsin. Ona görə də bu qərarı anormal hesab edirəm. İnanmıram ki, AQTA-nın hazırlayacağı hansısa sənəd standartdan yuxarı olsun. Bu mənada bu addım dayandırılmalıdır. Əks-təqdirdə keyfiyyətsiz ət məhsullarının bazara daxil olmasına “yaşıl işıq” yandırılacaq”.
Surxay Atakişiyev, Bizim.Media