Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftəni dünyanın ilk dəfə üzləşdiyi “qəribə yay havası” da adlandırmaq olar. Özü də bunun qəribəliyi masştabına görə iqlim dəyişmələrinin bariz nümunəsi kimi tarixə düşür. Avropa meteogöstəricilərin qeydə alındığı bütün dövr ərzində ilk dəfə bu cür istilərlə üzləşirdi. Hətta şimali Avropa ölkələrində belə temperatur +30 dərəcəyə yaxınlaşdı, cənubi Avropa ölkələrində isə temperatur 40-45 dərəcə arasında dəyişirdi. Şimali Amerikada isə yağıntı elə intensivləşmişdi ki, daşqınlar nəticəsində 24 nəfər həyatını itirdi.
MÖVZU İLƏ BAĞLI:
Birgə əməkdaşlığın TÖHFƏSİ - Xəzərin küləyi Avropanı işıqlandıracaq
Belə bir zamanda Moskvada temperatur 12 dərəcəyədək endi, özü də gücə yox, günün günorta çağı.
Yəqin onun təsiridir ki, Bakıda indiyə qədər müşahidə edilməmiş sərin yay günləri ilə üzləşirik: iyulun ilk günlərindən da bol yağışlar, şimşəkli hava və insanları çimərlikdən çəkindirən ab-hava. Təbii ki, belə bir şərait elektrik enerjisinin qənaətli üçün imkanlar açır: bir tərəfdən gündüz saatları daha çoxdur, digər tərəfdən sərinkeşlərdən istifadə edənlər minimuma enib. Bu, özünü qlobal bazarlarda da göstərir. Dünyanın bir tərəfi enerjidən daha çox istifadə etsə də digər hissəsi daha az sərfiyyat dövrünü yaşayır, necə deyərlər istehlak balansında elə bir dəyişiklik yoxdur.
Qlobal bazarlar
Neft qiymətləri dünya bazarlarında yenidən 65-70 dollar dəhlizində ticarət edilməyə başlayıb. 12 günlük İran-İsrail müharibəsinin riskləri aradan qalxdığından qiymətlər də müharibədən əvvəlki mövqelərinə qayıdıb. Ümumən, belə bir qiymət hazırkı şəraitdə istər istehsalçılar, istərsə də istehlakçılar üçün komfortlu göstəricidir. Ona görə də hətta OPEC kimi təşkilatın belə həyəcan təbili çala biləcək narahatlığı hiss edilmir.
Qaz bazarlarında da vəziyyət normallaşmağa başlayıb. Yaşın Şərqdə yaşanan gərginlik nəticəsində 500 dollara qədər artımdan sonra indi Avropa bazarlarında mavi yanacağın 1000 kubmetri 410-415 dollar dəhlizində ticarət edilir.
TANAP-ın “ad günü”
Bu həftənin ilk iş günü Azərbaycanın qaz bazarı üçün önəmli bir tarixdir. Belə ki, 2018-ci ilin iyunun 30-u Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri ilə Azərbaycan qazının kommersiya nəqlinə başlanması günüdür. Məhz bu kəmərin istifadəyə verilməsi nəticəsində Azərbaycan özünün böyük qaz həcmlərinin iri bazarlarda satışını həyata keçirmək imkanı əldə etdi.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimailəşdirdiyi məlumata görə, bu ilin iyunun 1-nə TANAP ilə ümumilikdə 79,92 milyard kubmetr Azərbaycan qazı Türkiyəyə və Avropa bazarlarına daşınıb. 2024-cü ildə bu boru kəməri ilə 17,35 milyard kubmetr təbii qaz nəql edilib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 % çoxdur. Bir məsələni də qeyd edim ki, TANAP istifadəyə verilərkən onun illik buraxıcılıq gücü 16 milyard kubmetr təşkil edib. Ümumilikdə isə kəmər boyunca yeni nasos-kompressor stansiyaları quraşdırıldıqca, onunla ildə 31 milyard kubmetr qaz nəql etmək mümkündür.
SOCAR “Xəzərin o tayına” üz tutur
Bu həftə SOCAR Özbəkistanda geoloji-kəşfiyyat layihəsi üzrə razılıq əldə etdiyini açıqlayıb. SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında Özbəkistanın Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqlar əldə edilib.
Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə aparılıb. Söhbət zamanı SOCAR ilə “Uzbekneftegaz” arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.
“Yaşıl enerji” kredit sazişi
Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarından yaşıl enerji layihələrinin həyata keçirilməsi üzrə ilk dəfə iri məbləğdə kredit almasını həyata keçirib.
“Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.
Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan “yaşıl enerji” stansiyalarını təhlükəsiz şəkildə enerji sisteminə ötürmək üçün enerji ötürücü infrastrukturun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq Nəvahi Yarım Stansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.
Qeyd edim ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişininə dövlət zəmanətini Azərbaycan hökuməti adından maliyyə nazirliyi i Sahil Babayev imzalayıb.
Azərbaycanın yeni külək elektrik stansiyası
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti avqust ayında mərhələli şəkildə Azərbaycanın ən böyük külək elektrik stansiyası olacaq 240 MVt-lıq “Xızı-Abşeron” KES-nın istifadəyə verəcəyini açıqlayıb. Layihənin tam istismara verilməsi isə 2025-ci ilin IV rübündə nəzərdə tutulur.
Stansiya Abşeron və Xızı rayonlarının ərazisində, Çaylı və Sitalçay kəndlərində yerləşir. Ümumilikdə, layihə çərçivəsində 37 külək turbini quraşdırılacaq – onlardan 12-si Abşeronda, 25-i isə Xızıda yerləşəcək. Layihə tam istismara verildikdən sonra külək stansiyası ildə təxminən 907 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox azərbaycanlı ailənin enerji tələbatını qarşılamaq üçün yetərlidir.
Bu ilin aprelin 1-dək “Xızı-Abşeron” KES-in tikintisinə yatırılan investisiyaların məbləği 1 milyard 73 milyard Səudiyyə riyalı və ya 486 milyon 374 min Azərbaycan manatı təşkil edib.
“Yaşıl enerji” üzrə yeni müəssisə
Yola saldığımız həftə “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Birgə Müəssisə yaradılıb. Energetika nazirliyinin açıqlamasına görə, “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib.
Energetika nazirinin müavini Elnur Soltanov COP29 tədbiri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, layihənin icrası enerji təhlükəsizliyinin təmin edilməsində, ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” gündəliyinə nail olunmasında mühüm rol oynayacaq. Daha sonra “Yaşıl Dəhliz Birliyi” MMC-nin baş direktoru vəzifəsinə Azərbaycanın təmsilçisi Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.
Yaşıl enerji tenderi
Asiya İnkişaf Bankı "Mərkəzi Asiya-Azərbaycan Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin I mərhələsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə konsaltinq şirkətinin seçilməsi üzrə beynəlxalq tender elan edib.
Tender komissiyasının açıqladığı məlumata görə, konsaltinq xidmətlərinin yerinə yetirilmə müddəti 11 ay, görüləcək işlərin ümumi büdcəsi isə 1 milyon dollar təşkil edəcək. Layihəni AİB və Asiya İnfrastruktur İnvestisiya Bankı paritet əsasda birgə maliyyələşdirəcək. AİB satınalma prosesini əlaqələndirir, tenderin başa çatmasından sonra isə Asiya İnfrastruktur İnvestisiya Bankı seçilmiş məsləhətçilərlə birbaşa müqavilələr bağlayacaq.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan AİB və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji təchizatı marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əməkdaşlıq haqqında saziş imzalayıblar.
Xankəndində “yaşı enerji” layihələrimizə dəstək
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə müzakirə edilən əsas mövzularından biri enerji təhlükəsizliyi və “yaşıl” enerjinin inkişafı olub.
Müzakirələr zamanı vahid enerji bazarının yaradılması İƏT ölkələri üçün strateji addım ola bilməsi qeyd edilib. Bu ölkələrin zəngin enerji resursları mövcuddur: Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistan iri ənənəvi enerji ehtiyatlarına, Qırğızıstan və Tacikistan isə güclü hidroenerji potensialına malikdir.
Bu prosesdə Azərbaycan xüsusi yer tutur. Azərbaycan regionları birləşdirən genişmiqyaslı enerji layihələrini həyata keçirir və regional enerji bazarının qurulması üçün infrastruktur əsası yaradır. Ən mühüm layihələrdən biri Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə həyata keçirdiyi Trans-Xəzər “yaşıl” enerji dəhlizidir. “Yaşıl” enerji interkonnektorları regionun enerji sistemlərinin qarşılıqlı dayanıqlılığını təmin etməklə günəş və külək enerjisinin səmərəli istifadəsinə və effektiv tədarükünə xidmət edən əsas infrastruktur elementi rolunu oynayır.
Bu baxımdan İƏT ölkələrinin vahid enerji bazarının yaradılması nəticəsində enerji təhlükəsizliyinin gücləndirilməsi, “yaşıl” enerjinin ixracının artırılması, yaşıl iqtisadiyyatın təşviqi və region ölkələrinin inteqrasiyasının dərinləşdirilməsi üçün yeni imkanlar açılması qeyd olunub.
Bizim.Media