Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür.
Bizim.Media xəbər verir ki, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir.
Bu fəaliyyəti ilə, eyni zamanda əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və məşğulluq sahəsində dövlət proqramlarının inkişafına dəstək verir.
Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır. Bu məqsədlə mütəmadi olaraq ölkə üzrə işəgötürənlər və müxtəlif əhali qrupları ilə sorğular keçirilir.
Ötən müddət ərzində qurum tərəfindən 21 min respondent arasında sorğular təşkil edilib.
Həmçinin 800 mindən artıq tələbə və məzunun müxtəlif istiqamətlər üzrə təhsilə dair göstəriciləri, 1,3 milyondan çox əmək müqaviləsi məlumatları və 200 min vakansiya məlumatları təhlil edilib.
Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti, etibarlı təhlil nümunələri, təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Təkcə bu il qurum 3 beynəlxalq mükafata layiq görülüb.
Müvafiq beynəlxalq və yerli mərkəzlərlə, ali təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən Milli Observatoriyanın təhlil-tədqiqat mərkəzi olaraq əsas hədəfi regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdir.
Bizim.Media